
Bakı. Trend:
Ölkədəxüsusi təhlükəli heyvan xəstəliyi sayılan quduzluğa qarşı
müasir üsullarla peyvəndləmə tədbirləri həyata keçirilir. Tədbirlər
çərçivəsində işğaldan azad edilmiş Qubadlı, Cəbrayıl, Laçın,
Kəlbəcər rayonları ərazisində vəhşi ətyeyən heyvanlar və sahibsiz
itlərdə oral immunizasiya aparılıb.
Trend xəbər
verir ki, peyvəndləmə tədbirləri Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq
Xidmətləri Mərkəzinin əməkdaşları tərəfindən aparılıb.
Əməkdaşlar birdəfəlik geyim, fərdi mühafizə dəstləri və
avadanlıqlarla təmin olunublar. Oral immunizasiyanın aparılmasında
əsas məqsəd xəstəliyin yayılamasının qarşısının alınması,
epizootoloji sabitliyin qorunması məqsədilə xəstəliyin təbii
rezervuarında yayılma zənciri qırılmasıdır.
Proses çərçivəsində meşəlik və dağlıq ərazilərə tərkibində
quduzluq xəstəliyinə qarşı peyvənd vasitəsi olan aldadıcı yemlər
atılıb. Aldadıcı yem ətyeyən heyvanlar üçün cəlbedici iyə malik
olan xüsusi tərkibə malik briketlərdir. Heyvanlar onu yedikdə
onlarda quduzluq xəstəliyinə qarşı immunitet yaranır.
Oral immunizasiyanın ölkə ərazisində yaz və qış mövsümləri
olmaqla ildə iki dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti tədbir
Ağdam, Xocalı, Xocavənd, Ağdərə, Zəngilan rayonları ərazisində
həyata keçiriləcək.
Hazırda ölkədə epizootoloji sabitliyin qorunması istiqamətində
“Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na
uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.
Qeyd edək ki, peyvənd ev heyvanları, kənd təsərrüfatı və vəhşi
heyvanlar üçün zərərsizdir. Bir neçə ədəd aldadıcı yemin yeyilməsi
ağırlaşmalara səbəb olmur. Peyvəndin müalicəvi xüsusiyyəti yoxdur
və yalnız immunitet yaradır. Briketlər vəhşi heyvanların yaşayış
areallarına yaxın hərəkət çığırlarına, sahibsiz itlər üçün isə
onların populyasiyalarına uyğun yerlərə atılır.
Xatırladaq ki, quduzluq xəstəliyinə bütün növ ev və kənd
təsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlar
həssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində
(dişləmə, tüpürcək, nadir hallarda göz və burunun selikli qişası)
yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar,
həm də insanlar üçün ölümcül olur. Virusun təbiətdə daima vəhşi
heyvanlar arasında mövcudluğu, xəstəliyin əlamətsiz keçməsi onların
rezervuar kimi təhlükəliliyinin əsas əlamətlərini təzahür edir.
Buxəstəlik Ümumi Dünya Heyvan Sağlamlığı Təşkilatının zoonoz
xəstəliklər siyahısında ilk onluqda yerləşir.





























