Advertisement

Müasir təbabətdə fizioterapiyanın rolu vacib və əvəzolunmazdır – SN

Bakı. Trend:

Fizioterapiya müasir təbabətdə geniş tətbiq olunur. Bir çox
dərmanların yan təsirləri, bəzi hallarda allergik reaksiyaların baş
verməsi, əks-göstərişlərin olması fiziki amillərin daha geniş və
fəsadsız tətbiqini zəruri hesab edir. Bu barədə Səhiyyə Nazirliyi
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Ülviyyə
Mikayılzadə deyib.

Trend Ülviyyə Mikayılzadə ilə müsahibəni təqdim edir:

– Bilmək istərdik ki, fizioterapevtik üsulların digər
müalicə üsullarından fərqi nədir?

– Təbii faktorlar, o cümlədən müalicəvi mineral suları, palçıq
müalicəsi, Naftalan nefti, duz mağaraları əvəzsiz müalicə
üsullarındandır. Həmçinin, elektroprosedurlar, kvant terapiyası,
ultrasəs müalicəsi, maqnitoterapiya bir çox xəstəliklərin müalicə
və profilaktikasında geniş tətbiq olunur.

– Fizioterapevtik prosedurlar hansı xəstəliklərdə təyin
olunur?

– Fizioterapiyada həm təbii, həm də fiziki amillər (aparat
fizioterapiyası) bir çox xəstəliklərdə, xüsusən də dayaq-hərəkət,
sinir sistemi, travmatoloji, uroloji, ginekoloji, dəri, pediatrik,
tənəffüs və ürək-damar sistemi xəstəliklərində geniş və uğurla
tətbiq olunur.

– Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozun
müalicəsində hansı fizioprosedurlar vacibdir?

– Skolioz daha çox uşaq və yeniyetmələrdə rast gəlinən
dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu patologiya yaşlı
insanlarda degenerativ proseslər fonunda da əmələ gəlir. Skoliozun
erkən diaqnostokası və müalicəsi vacibdir, çünki gecikmiş
formalarda əməliyyat qaçılmaz olur.

Skoliozun müxtəlif formaları var. Bunlara kongenital,
neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital forma
anadangəlmə olub onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır.
Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır.
İdiopatik formaya daha çox rast gəlinir. Xəstəlik digər sistemlərdə
və orqanlarda heç bir patologiyalar olmadan, tamamilə sağlam bir
uşaqda baş verə bilər.

Skoliozun simptomları inkişaf dərəcəsindən asılı olaraq müxtəlif
olur. Bu zaman çiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək
sümüklərində hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş
qəfəsində qeyri-simmetriya, bel nahiyəsində çuxur görünməsi aşkar
olunur.

Yenidoğulan uşaqlarda və 3 yaşa qədər aşkar olunan skoliozlar
infantil forma olub, çox zaman bud-çanaq displaziyası ilə müşayiət
olunur. Yuvenil (yetkinlik yaşına çatmayan) idiopatik skolioz –
onurğanın əyriliyi uşaqlarda 3 yaşdan 10 yaşa qədər inkişaf edir.
Yetkinlik skolioz 10-18 yaş arası görülən skoliozdur. Pediatrik
skoliozların 80%-i bu qrupa aiddir.

Onurğa sütununun müxtəlif nahiyələrində, daha çox döş və bel
seqmentlərində əyriliklər müşahidə olunur.

Onurğa sütunu deformasiyalarının nə qədər tez aşkar edib,
müvafiq prosedurlar tətbiq olunarsa, bir çox fəsadların qarşısını
almaq mümkündür. İlkin olaraq rentgenoloji müayinələrin aparılması
və skoliozun dərəcəsinin təyini vacibdir.

Fizioterapevtik prosedurlar arasında onurğa sütunu
deformasiyalarında daha geniş tətbiq olunan müalicəvi idman və
massaj, əzələ gücləndirilməsi, elektrostimulyasiya, kalsium, fosfor
elektroforezi, hovuzda üzmələr geniş tətbiq olunur. Skoliozun
dinamikasının izlənməsi vacibdir və belə uşaqlar daim həkim
nəzarətində olmalı, yanaşı profilaktik tədbirlər aparılmalı,
kalsium, fosfor, vitamin D tərkibli vitaminlər, xüsusi qida menyusu
tərtib olunmalıdır.

– Bəs fizioterapiyanın tətbiqindən öncə hansı müayinələr
aparılmalıdır?

– Xəstəliyin gedişatından asılı olaraq qan, rentgenoloji və
ultrasəs müayinəsi, EKQ ilkin aparılan müayinə üsullarındandır.
Eləcə də, yanaşı gedən prosesləri araşdırarkən daha geniş
müayinələrin aparılması vacib hesab olunur.

Fizioterapevtik müalicənin təyini zamanı digər mütəxəssislərin
də rəyi nəzərə alınmalı və pasiyent üçün individual müalicə planı
işlənib hazırlanmalıdır. Həmçinin, pasiyentlərlə maarifləndirici
konsultasiyaların aparılması, fizioprofilaktik tədbirlərin
planlaşdırılması məqsədəuyğundur.

– Hansı xəstəliklərdə fizioterapiyada Naftalan nefti
tətbiq olunur?

– Naftalan şəhəri ərazisində əldə olunan eyni adlı neft yüksək
müalicəvi təsirə malikdir. Hazırda dünyanın bir neçə ölkələrində
müalicəvi təsirə malik neft məhsulları əldə olunsa da, yüksək
müalicəvi tərkibinə görə Naftalan nefti öz liderliyini qoruyub
saxlayır. Naftalan nefti naften turşuları və naften
karbohidrogenləri ilə zəngindir. Zəngin kimyəvi tərkibi sayəsində
naftalanoterapiya hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici
effekt yaranır, mübadilə – trofiki proseslər stimullaşır,
toxumaların fizioloji regenerasiyası tənzimlənir.

Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya
zamanı rafinə olunmuş, qətransızlaşdırılmış naften
karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, sezerin,
kamfora) naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasən
dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri,
ginekoloji, LOR – uroloji xəstəliklərində geniş istifadə
olunur.

Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə olunan
formada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtik
nəticə verir.