
Bakı. Trend:
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və
avtostansiyalar Ramazan bayramı günlərində əhalinin nəqliyyat
xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün
aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət
göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentlikdən(AYNA) Trend-ə verilən
məlumata görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə
sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən
fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan
tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata
keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının
qarşısının alınması, eləcə də, avtobusların təsdiq edilmiş cədvəl
üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün
avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində
sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan
avtobusların intervalına, sürücülərin sərnişindaşımada
təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət
olunacaq.
Qeyd edək ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə
lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn
qaydada, həmçinin, avtovağzalların satış kassalarından əldə edə
bilərlər.





























