
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr
əsasında 30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə
başlayıb.
Nazirlikdən Trend-ə verilən
xəbərə görə, Gəncə, Mingəçevir, Şəmkir, Ağsu, Ağdaş, Astara, Ağdam,
Beyləqan, Bərdə, Cəlilabad, Göygöl, Goranboy, Xaçmaz, Qax, Qazax,
Quba, Lənkəran, Masallı, Naftalan, İsmayıllı, Samux, Sabirabad,
Salyan, Şabran, Şirvan, Ucar, Qax, Qazax, Tovuz və Zaqatalada
yaradılan günərzi qayğı mərkəzlərində ümumilikdə 900 uşağa xidmət
göstəriləcək.
Günərzi mərkəzlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların,
eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin
korreksiya, abilitasiya, reabilitasiya və s. xidmətlərlə, psixoloji
dəstəklə təminatı nəzərdə tutulub.
Habelə onlara sosial inkluziyanin təmin edilməsi, maraq və
qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsi ilə
özünə xidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin
inkişaf etdirilməsi üçün xidmətlər göstəriləcək.
Qeyd olunan layihələr uşaqların dövlət uşaq müəssisələrinə
düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan
uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi
məqsədi daşıyır.





























