
Bakı. Trend:
Avropa çempionatında rəqabət çox güclü idi, lakin biz yalnız
qələbəyə köklənmişdik və məqsədimizə çata bildik.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə batut gimnastikası
üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvü Əli
Niftəliyev deyib.
İdmançı göstərdiyi nəticəyə görə məşqçilər korpusuna təşəkkür
edib: “Birincisi məşqçilərimizə təşəkkür edirəm. Onlar olmasa idi,
biz bu uğuru əldə edə bilməzdik. Hətta deyərdim ki, Avropada
mükafat belə qazana bilməzdik”.
Qeyd edək ki, Əli Niftəliyev və Ammar Baxşaliyev (batut
gimnastikası) sinxron proqramda birinci yeri tutublar.
Ayan Şabanova və Samirə Hüseynovanın sözlərinə görə, nəticədən
razı qalıblar.
“Avropa çempionatındakı çıxışımız uğurlu oldu, ikinci yeri
tutduq. Biz çempionata uzun müddət hazırlaşırdıq. Yarış çox yüksək
səviyyədə keçdi. Gürcüstandan, Almaniyadan güclü gimnastlar var
idi”, – deyə Ayan Şabanova bildirib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-7-də Portuqaliyanın
Qimarayeş şəhərində keçirilib.





























