Advertisement

DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

Bakı. Trend:

DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

Trend xəbər
verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi
bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat
vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə
artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra
qaydalara ciddi əməl etmələrini xahiş edib.

“İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində
xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin
sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini
bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər.
Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükün arxasına əyləşməkdən
çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında
yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da
istirahət edin!

Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına
ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək
həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət
iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir”, – o qeyd
edib.