
Bakı. Trend:
Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu”
İctimai Birliyi “Yaşıl dünya naminə həmrəylik ili”nə və BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) dəstək vermək məqsədilə
“Dünyanı yenidən yaşıl edək” (Make World green again) adlı
beynəlxalq fotomüsabiqə elan edir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Foto Sənəti
Federasiyasının (FIAP) himayədarlığı ilə keçirilən fotomüsabiqənin
mövzusu və məqsədi dünyada baş verən iqlim dəyişmələrini insanlara
fotolar vasitəsilə çatdırmaqdır. Dünyanın müxtəlif ölkələrindən
olan bütün fotoqraflar əsərləri ilə bu müsabiqədə iştirak edə
bilərlər. Fotomüsabiqəyə sel və daşqınlar, quraqlıqlar,
səhralaşmalar, meşə yanğınları, buzlaqların əriməsi, Ozon təbəqəsi,
təbii su ehtiyatlarından qeyri-səmərəli istifadə, günəş və külək
elektrik stansiyaları, təbiətə atılan tullantılar və onların idarə
olunması, havaya buraxılan qazlar və s. kimi fotolar qəbul
olunur.
Yarışmaya fotolar bu ilin sentyabr ayına kimi qəbul olunacaq.
Fotolar Azərbaycan, Türkiyə, İtaliya, Yunanıstan və Şimali
Makedoniyadan olan 5 peşəkar fotoqrafdan ibarət münsiflər heyəti
tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ən yaxşılarına qızıl,
gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim
olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq
hazırlanacaq. Noyabr ayında isə COP29 tədbiri günlərində
fotosərginin keçirilməsi də nəzərdə tutulur.
Müsabiqəyə qoşulmaq istəyənlər linkə keçid edə bilərlər.





























