
Bakı. Trend:
Aprelin 16-da saat 11:00-dan portal.edu.az vasitəsilə ali təhsil pilləsinin
doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat
verilib.
Sözügedən xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və
təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi
kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və
növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr
tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında
iştirak hüququ qazanacaqlar.
Müraciətlərin elektron formada həyata keçirilməsi tələbələrə
təhsil haqqını müəssisəyə getmədən ödəmək, imtahan nəticələri və
digər yeniliklər barədə məlumat əldə etmək imkanı da yaradır.
Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.





























