Advertisement

AzMİU-nun beynəlxalq əlaqələri genişlənir – POLİMİ ilə yeni əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru
professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə
heyətinin İtaliyanın Milan Politexnik Universitetinə (POLİMİ)
səfəri başlanıb.

Milan Politexnik Universitetinin dəvəti ilə reallaşan səfərin
ilk günü AzMİU heyəti POLİMİ-nin Memarlıq məktəbinin rəhbəri
professor Andrea Kampioli, Memarlıq, ətraf mühit və inşaat
mühəndisliyi bölümünün rəhbəri Stefano Kopolonqo, Şərqi Avropa
ölkələri ilə əlaqələr üzrə nümayəndəsi Mauro Filippini, Memarlıq
fakültəsinin professoru Nora Lombardini, Beynəlxaq mobillik
şöbəsinin rəhbəri Kristika Aqazzini və Memarlıq məktəbinin
beynəlxalq əlaqələr üzrə nümayəndəsi professor Marco Bovati ilə
görüşüb.

Görüşdə AzMİU və POLİMİ arasında memarlıq sahəsində həyata
keçirilən ikili diplom müqaviləsi layihəsinin mövcud vəziyyəti və
inkişaf perspektivləri, hazırda POLİMİ-də təhsil alan AzMİU
tələbələrinin tədris prosesi və layihənin davamlılığının təmin
edilməsi üçün gələcəkdə atılacaq addımlar barədə müzakirələr
aparılıb. Həmçinin iki universitet arasında memarlığın digər
sahələri və ekologiya mühəndisliyi ixtisası üzrə yeni ikili diplom
layihələrinin hazırlanması barədə fikir mübadiləsi həyata
keçirilib.

Görüşdən sonra AzMİU heyəti Milan Politexnik Universitetinin
maddi-texniki bazası ilə tanış olub və strukturu barədə
məlumatlandırılıb.

Daha sonra professor Gülçöhrə Məmmədova ikili diplom proqramı
üzrə Milan Politexnik Universitetində təhsil alan azərbaycanlı
tələbələrlə görüşüb. Rektor tələbələrlə tədris prossesi, onların
yaşayış şəraiti, üzləşdikləri çətinliklərlə bağlı ətraflı söhbət
aparıb, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr
verib.

Qeyd edək ki, AzMİU bakalavriat səviyyəsi üzrə Türkiyənin
İstanbul Texnik Universiteti, İtaliyanın Milan Politexnik
Universiteti və Fransanın CNAM Universiteti ilə, magistratura
səviyyəsi üzrə isə İspaniyanın Koruna Universiteti, İtaliyanın
Milan Politexnik Universiteti və Portuqaliyanın Leiria Politexnik
İnstitutu ilə ikili diplom proqramları həyata keçirir. Böyük
Britaniyanın Vestminster Universiteti (memarlıq abidələrinin
bərpası və yenidən qurulması ixtisasında) və Türkiyənin Ankara
Universiteti (elektrik və elektronika mühəndisliyi) ilə imzalanan
ikili diplom proqramı üzrə bu ildən etibarən tələbə qəbulu həyata
keçiriləcək.