Advertisement

Baş Prokurorluq məişət zorakılığı ilə bağlı müraciət edib

Bakı. Trend:

Baş Prokurorluq məişət zorakılığı ilə bağlı maarifləndirici
məlumat açıqlayıb.

Trend quruma istinadən xəbər
verir ki, məlumatda deyilir:

“Məişət zəminində fiziki zorakılıq hansı əməllərlə ifadə
olunur?

Məişət zəminində fiziki zorakılıq dedikdə, bir yerdə yaşadığı
ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər
birgə yaşadığı şəxs tərəfindən fiziki təzyiq göstərmə, yəni zor
tətbiq etməklə təhlükəsizliyini pozma, döymə, sağlamlığına zərər
vurma, işgəncə vermə, azadlıq hüququnu məhdudlaşdırma başa
düşülür.

Nəzərə almaq lazımdır ki, məişət zəminində fiziki zorakılıq
aktları qəsdən törədilir və bu hərəkətlərə yol verən şəxslərin
məqsədi öz qurbanları üzərində güc və nəzarət göstərmək, qorxu
aşılamaqdan ibarət olur.

Daha konkret desək, fiziki zorakılıq şəxsi vurmaq, döymək, bədən
üzvlərini əzərək (əl, ayaq yaxud müxtəlif predmetlərlə) ağrı
vermək, üzərinə hər hansı əşya atmaq, cırmaqlamaq, fiziki ağrı
yetirməklə bədən ətraflarını (əl və ya ayağını) burmaq və ya tutub
çəkmək, nəfəs yollarını yüngül və ya dərindən bağlayacaq dərəcədə
boğmaq, saçını yolmaq və ya möhkəm dartmaq, sürümək, itələmək,
dişləmək, otaqda və ya hər hansı bir yerdə qapısı bağlı şəkildə
saxlamaqla sərbəst hərəkətinə mane olmaq və digər hərəkətlərdə
özünü biruzə verir”.