
Bakı. Trend:
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi
(BDYPİ) velosipedçilərə çağırış edib.
Bu barədə Trend-ə idarədən
məlumat verilib.
Bildirilib ki, velosipedçilərin iştirakı ilə baş verən yol
qəzalarının əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən
istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir.
Məlumata görə, ötən il ərzində velosipedçilərin vurulması ilə
nəticələnən 29 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını
itirməsi, 18 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq
dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir.
“Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq
baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də
yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu
unutmamalıyıq. Qanunvericiliyin tələbinə əsasən velosipedçilər
xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin
hərəkət hissəsinin kənarı və ya yol ciyinləri ilə hərəkət etməli,
idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped
isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır.
Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən
istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə
yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə
şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə
bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə
yaratmamalıdırlar”, – məlumatda qeyd olunub.





























