Advertisement

Azərbaycanda cəza çəkən xarici vətəndaş öz ölkəsinə ekstradisiya olundu

Bakı. Trend:

Azərbaycanda cəza çəkən xarici vətəndaş öz ölkəsinə ekstradisiya
olunub.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat
yayıb.

Bildirilib ki, baş prokurorluq tərəfindən “Mülki, ailə və
cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında”
07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq
Qazaxıstan Respublikasının Baş Prokurorluğunun vəsatəti əsasında
Azərbaycan Respublikasının ərazisində cəza çəkən həmin ölkənin
vətəndaşı Qabitov Rinat Tursuntayeviçin 3 ay müddətinə Qazaxıstan
Respublikasına verilməsi haqqında qərar qəbul olunub.

Belə ki, Qazaxıstan Respublikasının hüquq mühafizə orqanları
tərəfindən istintaqı aparılan cinayət işi üzrə Rinat Qabitovun
mütəşəkkil dəstənin yaradılması, təkrar törədilən iqtisadi
qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən boyun qaçırma
cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən,
təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul
edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Rinat Qabitov aprelin 10-da Ədliyyə Nazirliyi Penitensiar
Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının
səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilib.