
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC
işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, coğrafi
relyefinə görə mürəkkəb quruluşa malik Kəlbəcərdə də yenidənqurma
işlərini davam etdirir. Yaz aylarında belə qarın ərimədiyi
yüksəkliklərdə elektrik təsərrüfatı yenidən qurulur.
“Azərişıq”dan Trend-ə
bildirilib ki, hazırda Kəlbəcər rayonu ərazisində 35 kV-luq
elektrik xətlərinin çəkilişi sürətlə aparılır. İstisu, Zod, Zar,
Zəylik və Yellicə istiqamətində yenidənqurma işləri başa çatıb.
Ağqaya, Qamışlı və Mərcimək istiqamətində isə elektrik
təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Qeyd edilən
kəndlərdə yeni metal dayaqlar basdırılır və müasir tipli,
izolyasiyalı kabel xətləri çəkilir.
Yenidənqurma işləri çərçivəsində Kəlbəcər rayonu İstisu
qəsəbəsində yerləşən 110/35 kV-luq yarımstansiyanın tikinti işləri
və 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çıxan 110 kV-luq
hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi
davam etdirilir. Həmçinin Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4
kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikinti
işləri başa çatıb. Ümumilikdə görülən işlərin yekununda Kəlbəcərlə
Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi
elektrik təchizat sxemi yaradılacaq.
Qeyd edək ki, “Azərişıq” ASC işğaldan azad edilən ərazilərlə
yanaşı, ölkənin bütün regionlarında, bəzi kənd və qəsəbələrdə
elektrik şəbəkələrinin yenilənməsi prosesini paralel şəkildə davam
etdirir.





























