
Bakı. Trend:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2024–2025-ci tədris
ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu
davam edir.
MN-dən Trend-ə verilən xəbərə
görə, kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin
etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil
ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər
təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir.
Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən,
trenajorlardan müasir standartlara cavab verən tədris
komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum
bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi
nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə
istifadə edilməsi təmin edilir.
Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı
aylıq ödəmələr təmin edilir:
• 100 manat məbləğində təqaüd
• 200 manat məbləğində ailə üzvlərinə maddi yardım
• 150 manat məbləğində hesabda yığılan ödəniş
Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə
qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı
ətraflı məlumat almaq üçün, mmu.edu.az veb-saytına daxil olun və ya 0811 qısa
nömrəsinə zəng edin.





























