Advertisement

Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir – Kamaləddin Qafarov

Bakı. Trend:

“Hər il aprel ayının 15-də Azərbaycan xalqı görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini sonsuz
ehtiramla anır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də
oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən
akademiklərimizdən olub. Zərifə xanımın yetişdirdiyi həkimlər bu
gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir,
minlərlə insana sağlamlıq bəxş edirlər”.

Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın
anım günü ilə əlaqədar ölkə mətbuatına verdiyi açıqlamasında Milli
Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Deputat bildirib ki, Z. Əliyevanın Azərbaycan səhiyyəsinə
verdiyi töhfələri obyektiv qiymətləndirmək üçün, ilk növbədə, onun
traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik
tədbirlərin təşkilində və keçirilməsində fəal iştirakına nəzər
salmaq lazımdır.

“XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən
və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion
xəstəliyi geniş yayılmışdı. Bu infeksiya və onun ağır nəticələri
ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil,
bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı.
Məhz belə bir dövrdə Zərifə xanım mütəmadi olaraq traxoma
xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir,
həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Uğurlu tədqiqatların
nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın
digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi”
mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir.
Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanda traxomanın sosial
xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır.
Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn
Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün
respublikada tətbiq edilməyə başlandı və ölkəmiz bu xəstəlikdən
xilas oldu.”

Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti ilə bağlı fikirlərini
davam etdirən K.Qafarov daha sonra bildirib ki, görkəmli alimin
elmi araşdırmaları oftalmologiyanın inkişafına böyük töhfələr
verib: ” Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda
olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da
səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində
yaşamaqdadır. Bu, ilk növbədə Zərifə xanımın oftalmologiya
sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır.
Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son
dərəcə əhəmiyyətli əsərlər yazıb. Zərifə Əliyeva dünya təcrübəsində
birincilər sırasında peşə, xüsusilə kimya və elektrotexnika
sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin
öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın
müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o
cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları”
kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya,
dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12
səmərələşdirici təklifin müəllifidir. 1977-ci ildə Zərifə xanım
Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. Yüksək elmi
nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının
M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyevanın
elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial
əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə
xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü
ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə
vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın
tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”

K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının
yetişmələrində əhəmiyyətli rolunu diqqət mərkəzinə çəkərək deyib:
“Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə
fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli
zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu
məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə
həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə
vermişdir. Bütün elmi nailiyyətlərinə baxmayaraq, Zərifə xanım
Əliyeva ilk növbədə məhz bir qayğıkeş ana, fədakar və sədaqətli
həyat yoldaşı kimi bütün qadınlarımız üçün əsil nümunə olub. Zərifə
xanım ailədə hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin güclü
dayağı olub. Ölkə Prezidenti cənab İlham Əliyev isə, Zərifə xanım
haqqında xatirələrinin birində belə demişdir: “Mənim anam əsl alim
idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi.
Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın
layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı.
O, həmişə mənim qəlbimdədir.” Zərifə xanım Əliyevanın əziz xatirəsi
təkcə onun ailə üzvlərinin deyil, həm də bütün Azərbaycan xalqının
qəlbində daim yaşayacaqdır” .