
Bakı. Trend:
Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli Mülkiyyət
Aylığı” çərçivəsində “İxtiranın qeydiyyatı və patentləşdirilməsi
prosedurları” mövzusunda növbəti təlim keçirilib.
Tədbirdə Agentliyin tabeliyində olan Patent və Əmtəə
Nişanlarının Ekspertiza Mərkəzinin İkin ekspertiza, axtarış və
sənaye nümunələri üzrə iş sektorunun müdiri Afət Qasımovanın
“Patent hüququ Müqaviləsinin (PLT) tələbləri nəzərə alınmaqla
ixtiranın (faydalı model və sənaye nümunəsinin) qeydiyyatı və
patentləşdirilməsi prosedurları” mövzusunda təqdimatı
dinlənilib.
A.Qasımova patentləşdirmə sahəsində tətbiq edilən milli
qanunvericilik aktları və ölkəmizin patent sahəsində üzv olduğu
beynəlxalq konvensiyalar, müqavilələr və sazişlər, ixtira, faydalı
model və sənaye nümunəsinin qeydiyyatı və patentləşdirilməsi ilə
bağlı qanunvericilikdə nəzərdə tutulan ümumi prosedurlar barəsində
məlumat verib. Qeyd edib ki,növbəti addım kimi Azərbaycanın PLT-yə
qoşulması ilə bağlı işlərə başlanılıb, o cümlədən Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının (ÜƏMT) mütəxəssislərinin dəstəyi ilə “Patent
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
məqsədilə təkliflər hazırlanmışdır. Təkliflər “Patent hüququ
Müqaviləsi”ndə olduğu kimi ixtiraya patent alınması üçün iddia
sənədinin verilməsi və qeydiyyatı ilə bağlı prosedurların
asanlaşdırılması, iddiaçıların və patent idarəsinin məsrəflərinin
azaldılması, xidmətlərin göstərilməsində bürokratik əngəllərin
aradan qaldırılması və ekspertizanın tezləşdirilməsinə aid
məsələləri də əhatə edir.
Kimya sektorunun müdiri Natəvan Talışovanın “İddia sənədinin
mahiyyətcə ekspertizası” adlı məruzəsində patent anlayışı, patent
sahibinin müstəsna hüquqları, patent almağın üstünlükləri,
mahiyyətcə ekspertizanın aparılması və patent alınması üçün müəyyən
olunmuş müddətlər (PLT ilə müqayisəli şəkildə) açıqlanıb. Məruzəçi
ixtiranın vəhdətlik tələbi, kimyəvi maddələrə, kompozisiyalara və
ya üsullara dair ixtiranın düsturunun tərtibatı ilə bağlı tələblər,
Markuş formulu və məlum maddənin yeni təyinatla tətbiqi barəsində
danışıb.
Məruzələrdə “Patent haqqında” Azərbaycan Respublikasının Qanunu,
Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası, əqli
mülkiyyət üzrə tanınmış mütəxəssislərdən O.V.Çerkasovanın “Əqli
mülkiyyətin mühafizəsi”, İ.A.Bliznesin “Əqli mülkiyyət hüququ”
kitabları, həmçinin Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin
sədri Kamran İmanovun “Patent hüququ müqaviləsi”nə dair beynəlxalq
seminardakı “Patent qanunvericiliyinin təkmilləşdirilməsi və
qarşımızda duran vəzifələr” mövzusunda çıxışında və geniş
prezentasiyasında qeyd edilən milli patent qanunvericiliyinin
təkmilləşdirilməsi sahəsində həyata keçirilən və planlaşdırılan
tədbirlərə toxunulub.
Maraqlananlar K.İmanovun çıxışının və prezentasiyasının daxil
edildiyi kitabı Agentlikdən pulsuz əldə edə və Agentliyin
www.copat.gov.az saytında tanış ola bilərlər.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran
suallar cavablandırılıb.
İki gün davam edən təlimdə Agentliyin struktur bölmələrinin,
tabeliyində olan qurumlarının əməkdaşları və elmi-tədqiqat
institutlarının nümayəndələri iştirak ediblər.
Xatırladırıq ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən aprel ayı
“Əqli Mülkiyyət Aylığı” elan edilib.





























