
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon
manatlıq, o cümlədən, 7 milyard 543,6 milyon manatlıq ərzaq
məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon
manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Trend-ə
Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə
pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən,
ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz,
qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb. Hesabat dövründə əmtəə
bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub.
Hesabat rübündə alıcıların pərakəndə ticarət şəbəkəsində
aldıqları mallara xərclədiyi vəsaitin 51,1 faizi ərzaq
məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 15,1
faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi
avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları
və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya
avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər
qeyri-ərzaq mallarının alınmasına sərf olunub.





























