
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor
Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Milan
Politexnik Universitetinə səfəri yekunlaşıb.
Səfərin son günündə rektor Milan Politexnik Universiteti Dizayn
fakültəsinin dekanı Francesco Zurlo, Dizayn məktəbinin professoru
Mauro Ceconello, Silviya Kramegna və Beynəlxalq əlaqələr şöbəsinin
əməkdaşları ilə görüşüb.
Görüşlərdə AzMİU və POLİMİ arasında dizayn ixtisası üzrə həyata
keçirilən ikili diplom müqaviləsinin tədris məsələləri müzakirə
edilib.
AzMİU-da memarlıq və dizayn ixtisasları üzrə Qərbin, xüsusilə
İtaliyanın ali təhsil təcrübəsinə böyük önəm verildiyini qeyd edən
professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi universitetin POLİMİ
ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Rektor bildirib ki, dizayn ixtisası üzrə həyata keçirilən ikili
diplom müqaviləsi gələcək əməkdaşlıqlar üçün əlverişli mühit
formalaşdırmaqdadır.
Mauro Ceconello ikili diplom proqramı çərçivəsində Milanda
təhsil alan AzMİU tələbələrinin POLİMİ-də keçdikləri dərslər,
laboratoriya işləri və icra etdikləri layihələr barədə məlumatlar
verib. Eyni zamanda tələbələrin hazırlıq səviyyəsindən, dil və
proqram biliklərindən razılığını ifadə edib. Layihənin gələcək
inkişaf perspektivləri müzakirə edilib.
Sonra professor Gülçöhrə Məmmədova ikili diplom müqaviləsi
çərçivəsində POLİMİ-də təhsil alan AzMİU tələbələri ilə görüş
keçirib. Rektor tələbələrlə tədris prosesi, onların yaşayış
şəraiti, üzləşdikləri çətinliklərlə bağlı ətraflı söhbət aparıb,
onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verib.
Qeyd edək ki, AzMİU bakalavriat səviyyəsi üzrə Türkiyənin
İstanbul Texnik Universiteti, İtaliyanın Milan Politexnik
Universiteti və Fransanın CNAM Universiteti ilə, magistratura
səviyyəsi üzrə isə İspaniyanın Koruna Universiteti, İtaliyanın
Milan Politexnik Universiteti və Portuqaliyanın Leiria Politexnik
İnstitutu ilə ikili diplom proqramları həyata keçirir. Böyük
Britaniyanın Vestminster Universiteti (memarlıq abidələrinin
bərpası və yenidən qurulması ixtisasında) və Türkiyənin Ankara
Universiteti (elektrik və elektronika mühəndisliyi) ilə imzalanan
ikili diplom proqramı üzrə bu ildən etibarən tələbə qəbulu həyata
keçiriləcək.





























