Advertisement

Üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Bakı. Trend:

Aprel ayının 24-27 tarixlərində Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının, Bakı
Su İdmanı sarayının birgə təşkilatçılığı, Bakı Su İdmanı sarayının
dəstəyi ilə üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı
start götürəcək. Bakı Su İdman sarayında təşkil olunacaq yarışlarda
3-cu idman dərəcəsi olan idmançılar iştirak edəcək. Onlar 50, 100,
200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200
metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda
üzəcəklər. Beynəlxalq Üzgüçülük Federasiyasının, Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük
Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun
olaraq keçirilən birincilikdə Bakı və Sumqayıtdan 20-a yaxın
müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini
sınayacaqlar. Bundan başqa ölkəmizin digər şəhər və rayonlarından
da üzgüçülərin turnirə qatılacaqları nəzərdə tutulur. Gəncə,Quba,
Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının
Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib. Yarışın
sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi. Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq
diplomlarla təltif olunacaqlar.

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini
Tamerlan Abdullazdənin bildirdiyinə görə yarışın keçirilməsində
məqsəd üzgüçülüyün təbliğ olunması, bu idman növünə marağın
artırılması, kütləviliyin təşkili, o cümlədən 2024-cü il üçün
beynəlxalq yarışlarda iştirak edəcək üzgüçülük üzrə milli
komandanın tərkibinin yenidən formalaşdırılmasıdır:

“Bu kimi yarışların təşkili pespektivli üzgüçülərin aşkar
olunmasına çöx yardımçı olur. Burada bölgələrdən də idmançıların
qatılmağı çox təqdirəlayiqdir. Hesab edirik ki, mütəmadi keçirilən
açıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağı
artıracaq və həm Bakıda, həm də regionlarımzda olan yüksək
potensiala malik idmançıların aşkar olunmasında mühüm rol
oynayacaqdır” deyə T.Abdullazadə əlavə edib.

Məlumat üçün bildirək ki, üzgüçülük idman növü üzrə Azərbaycan
açıq çempionatının açılış mərasimi Bakı Su İdman Sarayında aprelin
24-də saat 16: 30 da keçiriləcək.