Advertisement

“Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Bakı. Trend:

15-19 aprel 2024-cü il tarixlərində Almaniyanın Düsseldorf
şəhərində metallurgiya sektorunun dünya nəhənglərini bir araya
toplayan “Tube 2024” sərgisi keçirilir. Azərbaycanı sözügedən
sərgidə Qafqazın ən böyük metallurgiya şirkəti “Baku Steel Company”
QSC (bundan sonra – BSC) təmsil edir.

“Tube 2024” sərgisində 2600-dən çox iştirakçı şirkət öz xidmət
və məhsullarını sərgiləyir. Metallurgiya sektorunun hazırkı
tendensiyaları və perspektivləri, yeni texnologiyalar, məhsullar və
onların ixrac imkanları kimi bir sıra mövzularla əlaqədar
məlumatların təqdim olunduğu sərgidə maraqlı forumlar da
keçirilir.

Forumların proqramları yaşıl polad, eko metallar, polad
ticarəti, süni intellekt və boru sənayesində innovativ
texnologiyalarla bağlı mövzuları əhatə edir. Yaşıl transformasiya
və cari inkişaf tendensiyalarından kəsmə və emal texnologiyası üçün
unikal həllərə qədər ilk mənbədən mütəxəssis fikirlərinin təqdim
olunduğu forumlar fikir mübadiləsi aparmaq və yeni biliklərə
yiyələnmək üçün unikal fürsətdir.

Əsasən maşınqayırma, neft-qaz, kimya və tikinti sektorlarının
diqqət mərkəzində olan “Tube 2024” sərgisi şəbəkələləşmə, potensial
əməkdaşlıq əlaqələri qurmaq və yeni bazarlara çıxmaq üçün olduqca
əhəmiyyətli bir platformadır.

Azərbaycanı təmsil edən şirkət olaraq, BSC-nin məhsullarının
sərgiləndiyi stendə ziyarətçilər və iştirakçılar arasında böyük
maraq var. BSC nümayəndələri, təmsil etdikləri şirkət, həmçinin
bütövlükdə Azərbaycanın metallurgiya sektoru və onun imkanları
barədə məlumatlar verir.