Advertisement

JICA Orta Dəhlizin logistikasının inkişafına dəstək verə bilər (ÖZƏL)

Bakı. Trend:

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Orta Dəhlizin
logistika funksiyalarının gücləndirilməsinə dəstək imkanını
nəzərdən keçirir.

Bu barədə Trend-ə şirkətdəki mənbədən bildiriblər.

“Azərbaycanın əlverişli coğrafi mövqeyi, cəlbedici dövlət
stimulları və biznes mühitinin yaxşılaşdırılması istiqamətində
səylər ölkəni həm formalaşmış, həm də inkişaf edən sektorlarda
imkanlar axtaran investorlar üçün arzuolunan yerə çevirir.

Azərbaycanın Avropa və Asiyanı birləşdirən ölkə olaraq əlverişli
mövqeyi ölkənin nəqliyyat infrastrukturuna, o cümlədən, avtomobil
və dəmir yollarının, limanların inkişafına investisiyalara təşviq
edib. Hazırda JICA Orta Dəhlizin logistika funksiyalarının
gücləndirilməsi üçün dəstək imkanını nəzərdən keçirir”, – deyə
agentlikdən qeyd ediblər.

Agentlikdən xatırladıblar ki, 2022-ci ildə JICA Azərbaycanda
günəş fotoelektrik stansiyası layihəsini həyata keçirən “Masdar
Azerbaijan Energy” MMC ilə layihə maliyyələşdirməsi haqqında kredit
sazişi imzalayıb.

“Bu, Azərbaycanda ilk irimiqyaslı günəş enerjisi (230 meqavatt)
layihəsidir. Layihə çərçivəsində həm tikinti, həm də istismar özəl
şirkət tərəfindən həyata keçiriləcək. Azərbaycan hökuməti Paris
sazişinə sadiq olmaq niyyətindədir və bərpa olunan enerji
mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmağa çalışır.

Layihə bu məqsədlərin əldə olunmasına imkan yaradacaq və sabit
elektrik enerjisi tədarüklərini təmin edəcək. JICA Azərbaycanda
bərpa olunan enerji, nəqliyyat və logistika sahələrində dövlət-özəl
tərəfdaşları üzrə bu cür layihələri dəstəkləməyə davam etməyə
hazırdır”, – deyə mənbə əlavə edib.

JICA-dan, həmçinin, qeyd ediblər ki, agentliyin Azərbaycanda
fəaliyyət prioritetləri iqtisadi infrastruktur, sosial sektor və
insan resurslarının inkişafıdır. Həmçinin, artım üçün, əsasən, neft
hasilatı, eləcə də, qeyri-neft sektorunun inkişafı ilə şərtlənən
infrastrukturun inkişafı da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan
“orta səviyyədən yüksək gəlirə malik” ölkə olaraq təsnif
edildiyindən, JICA-nın İnkişafa Rəsmi Yardım çərçivəsində borc
ayırma üzrə əməliyyatları aşağıdakı 4 sahə üzrə məhdudlaşır: i)
Ətraf mühit; ii) İnsan resurslarının inkişafı; iii) Təbii
fəlakətlərdən qorunma və bərpa üzrə tədbirlər; və iv) Şəhər
yoxsullarının həyat səviyyəsini yaxşılaşdırmaq üçün şəhər
yerlərində sosial infrastrukturun inkişafı.

JICA 15 milyard dollardan yuxarı illik əməliyyat büdcəsinə malik
olmaqla dünyada inkişaf məqsədilə yardım göstərən ən böyük
ikitərəfli təşkilatdır. Agentlik təkcə Azərbaycanda deyil, bütün
dünyada inkişafa mühüm töhfə verir. JICA Yaponiya üçün İnkişafa
Rəsmi Yardım qismində mühüm rol oynayır.

JICA Yaponiyanın universal İnkişafa Rəsmi Yardım mərkəzi olmaqla
qrantlar, maliyyələşdirmə və investisiyalar, könüllülər, özəl
sektorla texniki əməkdaşlıq və tərəfdaşlıq kimi geniş çeşidli
xidmətlər təklif edir. Dünyada ikitərəfli yardım göstərən
agentliklərin ən böyüyü olan JICA 150-dən çox ölkə və regionda
fəaliyyət göstərir və 90-a yaxın xarici nümayəndəliyə malikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun