
Bakı. Trend:
Qırmızı Ürəklər Fondu, Niderland
Krallığının Azərbaycandakı Səfirliyi, Almaniya Federativ
Respublikasının Azərbaycandakı Səfirliyi və “VarYox” mədəniyyət və
incəsənət platformasının birgə təşkilatçılığı ilə “Her Action in
Art” adlı festival baş tutub.
Festivalda Gürcüstan,
Qazaxıstan və Qırğızıstandan olan tanınmış rəssamlarla yanaşı
seçilmiş 13 azərbaycanlı qadın rəssamın əsərləri də sərgilənib.
Sərgidə rəsm əsərləri, instalyasiyaların nümayişi ilə yanaşı müxtəlif
mövzularda seminarlar da baş tutub. Sitarə İbrahimbəyli, Lesli Qrey
və Olqa Seleznyovanın kuratorluğu ilə keçirilən
seminarların məqsədi regionda qadınların incəsənətə cəlbi və
motivasiya edilməsi olub.
Festival çərçivəsində beynəlxalq fotoqraflar tərfindən iki
fotoqrafiya seminarı keçirilib. Seminarlarda yerli qadın
fotoqrafların portfolioları beynəlxalq mütəxəssislər tərəfindən
dəyərləndirilib.
Bu ilhamverici festivalın
yekunu olaraq Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 11 saylı
inteqrasiya təlimli internat məktəbinin şagirdləri “Nine Senses”
yaradıcılıq və özünüinkişaf mərkəzində əl işlərini nümayiş
etdiriblər. Əl işlərindən ibarət sərgi və uşaqların moda nümayişi
iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
1 ay davam edən “Her action in Art” festivalının
məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara
təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaq idi.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə
Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb.
2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik
mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin
mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris,
maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair
sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında
birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə
edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil
olmaq kifayətdir.



























