Advertisement

Çin artımın ənənəvi təkanverici qüvvəsindən uzaqlaşır – BVF

Vaşinqton. Trend:

Çin artımın ənənəvi təkanverici qüvvəsindən uzaqlaşır.

Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) maliyyə
müşaviri və Pul-Kredit Sistemləri və Kapital Bazarları
Departamentinin direktoru Tobias Adrian BVF-in Vaşinqtonda
keçirilən yaz iclasları çərçivəsində qlobal maliyyə sabitliyi
hesabatı üzrə brifinqdə deyib.

“Çində ötən il ümumdaxili məhsul (ÜDM) göstəricisi gözləntiləri
ötdü. Bütün il ərzində ÜDM 5 faizi ötüb. Beləliklə, ümumi artım
sürəti çox yüksək olaraq qalır. Daşınmaz əmlak bazarına
investisiyalar uzun illər ərzində Çin üçün artımın təkanverici
qüvvəsi olub. Hazırda xüsusən yeni mənzil tikintisində kəskin
azalmanı nəzərə alsaq, daşınmaz əmlaka investisiyalarda
nəzərəçarpan dərəcədə ləngimə müşahidə olunur. Bunu hakimiyyətin
çox fokuslandığı artım modeli nöqteyi-nəzərindən, şübhəsiz, keçid
dövrü hesab etmək olar”, – deyə o bildirib.

Adrianın sözlərinə görə, ikinci aspekt Çində mənzil qiymətləri
ilə bağlıdır.

“Mənzil qiymətlərində ucuzlaşma müşahidə edirik, bu gün mənzil
qiymətləri yetərincə orta səviyyədədir. Bu isə, şübhəsiz, maliyyə
sabitliyi baxımından güclü tərəfdir. Mənzillərə investisiyalar
əksər ev təsərrüfatları üçün ən böyük aktivdir. Əlbəttə, banklar
mənzil bazarına təsirə malikdir. Mənzil qiymətləri ucuzlaşsa da, bu
olduqca kəskin baş verdi.

Maliyyə sektorunun sabitliyi baxımından regional səviyyədə
mənzil bazarlarının qeyro-həmcinsliyini nəzərə almaq çoax vacibdir.
Bir sıra iri şəhərlər mənzil tikintisi nöqteyi-nəzərindən yaxşı
nəticələr göstərməyə davam edir, digər vilayətlərdə isə
göstəricilər bir qədər zəifdir.

Biz, həmçinin, bankçılıq sektorunda bu regional
qeyri-bərabərliyi görürük, bu səbəbdən nisbətən kiçik bankların və
daha zəif vilayətlərin bəziləri daha inkişaf etmiş vilayətlərdəki
banklardan belə deyək, daha çox əziyyət çəkir”, – o deyib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta
Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə
başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel
tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində
keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə
Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və
BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və
inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş
cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya
gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya
iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması
və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun