Advertisement

Paris-2024-ə doğru: 7 Olimpiadada 7 qızıldan sonra 7 növdə 77 məqam

Bakı. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarına 100 gün qalıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, dördilliyin ən mötəbər multi-idman tədbir
ilə bağlı 77 məqamı təqdim edirik:

1. Paris-2024 Azərbaycan millisinin müstəqillik illərində
qatıldığı 8-ci Yay Olimpiya Oyunları olacaq.

2. Fransa paytaxtı 100 ildən sonra bu yarışa ev sahibliyi
edəcək. Paris 1900 və 1924-cü illərdən sonra 3-cü dəfə Olimpiya
paytaxtı olacaq.

3. Olimpiya Oyunları London-2012-dən 12 il (Rio-2016,
Tokio-2020) sonra Avropaya qayıdır.

4. Azərbaycan millisi Paris-2024-ə 7 idman növündə lisenziya
qazanıb.

5. Fransa tarixində 6-cı dəfə Olimpiadanı qəbul edəcək.

6. Parisdə 32 idman növündə yarışlar keçiriləcək.

7. Azərbaycan Paris-2024-ə artıq 17 lisenziya qazanıb.

8. Breykinq idman növü ilk dəfə Olimpiada proqramında
olacaq.

9. Paris qadınların Olimpiya Oyunlarında (Paris-1900) iştirak
etdiyi ilk şəhərdir.

10. Sərbəst güləş üzrə Azərbaycan millisi Paris-2024-də tam
heyətlə iştirak etmək hüququ qazanıb.

11. Tarixdə ilk dəfə Yay Olimpiya və Paralimpiya Oyunlarının
vahid loqosu var.

12. Olimpiada devizi “Geniş açılan Oyunlar”dır.

13. Azərbaycan ilk dəfə komanda yarışında – basketbolun 3×3
növündə qadın millimizlə təmsil olunacaq.

14. Fransa paytaxtında 10500 idmançı mübarizə aparacaq.

15. İyulun 24-də, açılış mərasimindən iki gün əvvəl futbol və
reqbi, ertəsi gün həndbol və kamandan oxatmada mübarizə
başlayacaq.

16. Azərbaycan ilk dəfə gimnastikanın batut növündə Olimpiadada
təmsil olunmaq hüququ qazanıb.

17. Tarixdə ilk dəfə Olimpiadada həvəskarların marafon yarışı,
əsas yarışla eyni gündə və eyni marşrutla, amma fərqli saatda
təşkil olunacaq.

18. Olimpiya məşəli dünən – aprelin 16-da Yunanıstanda
yandırılıb.

19. Azərbaycan bütün Olimpiadalarda təmsil olunduğu güləş,
atletika, atıcılıq, boksda yenə lisenziya qazanıb.

20. Paris-2024-ün təşkilinə ümumilikdə 8 milyard avrodan artıq
vəsait ayrılıb.

21. Olimpiya Oyunlarının talismanları “Friqi”lərdir.

22. Azərbaycan indiyədək Olimpiya Oyunlarında 49 medal
qazanıb.

23. Olimpiya medallarının tərkibində Eyfel qülləsinin
parçalarının ərintiləri yer alıb.

24. Serfinq yarışları Fransanın materik hissəsindən kənarda,
Parisdən 15700 km uzaqda – Tati adasında təşkil olunacaq.

25. Əvvəlki 7 Olimpiadada Azərbaycan 7 çempionluq yaşayıb, 14
gümüş və 28 bürünc əldə edib.

26. Paris Londondan sonra üç Olimpiada qəbul edən 2-ci
şəhərdir.

27. İlk dəfə beynəlxalq federasiya qaliblərə mükafat verəcək ki,
Dünya Atletikası 48 növdəki qaliblərə 50 min dollar ödəyəcək.

28. Azərbaycan əvvəlki 7 Olimpiadada 19 növdə təmsil olunub,
basketbol bu siyahıda 20-ci olacaq.

29. Olimpiadada 35 idman obyektindən istifadə olunacaq.

30. Açılış mərasimi Sena çayı üzərində təşkil olunacaq.

31. Azərbaycan 7 Olimpiadada 7 növdə medallar qazanıb.

32. Eyfel qülləsinin yaxınlığında mükafatçıların azarkeşlərlə
sevincini bölüşməsi üçün parad təşkil ediləcək.

33. Tokio-2020-nin proqramında olan üç növ – karate, beysbol,
softbol bu dəfə kənarda qalıb.

34. Güləş millimiz bütün Olimpiadalarda ən azı 1 medala sahib
çıxıb.

35. İdmançıların açılış mərasimindəki paradı 6 km təşkil
edəcək.

36. Açılışı izləyənlər Sena ətrafındakı bəzi yerlərdə pulsuz, ən
yaxın yerlərdə 2700 avro ödəməli olacaq.

37. Azərbaycanın ilk Olimpiya medalını 1996-cı ildə Atlantada
sərbəst güləşçi Namiq Abdullayev qazanıb.

38. İdmançıların paradı Sena çayında olacaq və komandalar
qayıqlarda keçəcək.

39. Olimpiya Oyunları qadınların marafon yarışı ilə başa
çatacaq.

40. Olimpiadalarda ən çox medal qazanan Azərbaycan idmançısı
Mariya Stadnik 2 gümüş və 2 bürünc əldə edib.

41. Paris-2024-ün lisenziya yarışlarına iyunun 23-də yekun
vurulacaq.

42. Oyunlar Parisdən başqa Le-İvelin, Sena və Marna, O-de-Sen,
Sen-Denidı, futbol matçları Nant, Marsel, Bordo, Nitsa, Lion və
Sent-Etyendə baş tutacaq.

43. İlk medallar sahiblərini iyunun 27-də tapacaq.

44. Yarışların son günündə 9 növdə qaliblər bəlli olacaq.

45. Azərbaycan yığmasının 7 çempionluğunun yarıdan çoxu – 4-ü
güləşdə əldə olunub.

46. Parisdə 329 medal dəsti uğrunda mübarizə gedəcək.

47. Olimpiadanın bağlanış mərasimi “Stad de Frans”da təşkil
olunacaq.

48. Yayda Paris metrosunun qiyməti təxminən iki dəfə
bahalaşacaq.

49. Satışa ümumilikdə 13,4 milyon bilet çıxarılacaq.

50. Azərbaycan 4 növdə – güləş, atıcılıq, cüdo və taekvondoda
qızıl qazanıb.

51. Açılış və bağlanış mərasimlərinin bədii rəhbəri Tomas
Collidir.

52. Olimpiadada 44 min könüllü iştirak edəcək.

53. Olimpiya məşəli açılış mərasimində Tyuilri parkında
yandırılacaq.

54. Yarış üçün 26 min jurnalist akkreditasiya olunub.

55. Azərbaycan ilk qızıl medallarını Sidney-2000-də əldə edib.
Namiq Abdullayev güləş, Zemfira Meftəhətdinova atıcılıqda
fərqlənib.

56. Tokio-2020 2021-ci ildə keçirildiyindən ilk dəfə Olimpiya
Oyunları üç ildən sonra keçiriləcək.

57. Olimpiada Parisə 2017-ci il sentyabrın 13-də verilib.

58. Məşhur “Rolan Qarros” stadionu tennis və boks yarışlarını
qəbul edəcək.

59. Atçılıq və müasir beşnövçülük tarixi Versal sarayında təşkil
olunacaq.

60. Azərbaycan millisi London-2012-də daha uğurlu çıxış edib: 2
qızıl, 2 gümüş, 5 bürünc.

61. Olimpiya kəndində 8876 ağac əkilib.

62. Olimpiya məşəlini yunan aktrisa Meri Mina alovlandırıb.

63. Olimpiya kəndində 2500-ə yaxın ev inşa olunub.

64. Olimpiadanı 1 milyard tamaşaçının izləyəcəyi
proqnozlaşdırılır.

65. Azərbaycan Rio-2016-da daha çox – 18 medal qazanıb: 1 qızıl,
7 gümüş, 10 bürünc.

66. Paris-2024-ün şərəfinə “Georgina” gülünün yeni növü
yetişdirilib və Fransa paytaxtına satışa çıxarılıb.

67. Olimpiya obyektlərinin 95 faizi müvəqqəti xarakter daşıyır
və yarışdan sonra yığışdırılacaq.

68. Olimpiya kəndinin sakinləri velosipedlərdə və 24 saat
fəaliyyət göstərəcək xüsusi şatllarla hərəkət edə biləcəklər.

69. Rusiya və Belarus yığmaları Olimpiadaya Fərdi Neytral
Atletlər (AİN) komandasının üzvü kimi qatıla biləcək.

70. Azərbaycan yalnız iki dəfə – Atlanta-1996 və Tokio-2020-də
qızıl qazanmayıb.

71. Olimpiya kəndinin yeməkxanası gündə 40 min “pors” yemək
hazırlayacaq.

72. Azərbaycan medal qazandığı boks, kanoe və karatedə çempion
olmayıb.

73. Olimpiya Oyunları ümumilikdə 17 gün davam edəcək.

74. İki Olimpiadada – Sidney-2000 və London-2012-də Azərbaycan
iki qızıl əldə edib.

75. Paris meri Ann İdalqo açılış mərasimindən öncə Senada
çiməcəyinə söz verib.

76. Azərbaycan ən çox – 56 idmançı ilə Rio-2016-da iştirak
edib.

77. Bağlanış mərasimində Olimpiya estafeti Los-Anceles-2028-in
təşkilatçısı ABŞ-a veriləcək.