
Bakı. Trend:
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)
tərəfindən beynəlxalq standart əsasında AZS ISO 30414:2024 “İnsan
resurslarının idarə edilməsi. İnsan kapitalına dair daxili və
xarici hesabatvermə üzrə rəhbər qaydalar” yeni dövlət standartı
qəbul edilib.
AZSTAND-dan Trend-ə bildirilib ki, standartın ölkədə tətbiqi
müəssisə və təşkilatlarda insan resurslarının idarəedilməsinə, o
cümlədən, insan kapitalına dair daxili və xarici hesabatvermə
prosedurlarının beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə
imkan yaradacaq.
Yeni dövlət standartı iş yerində insan hüquqlarının
prinsiplərini rəhbər tutur və insan kapitalı məlumatlarının
toplanması, ölçülməsi, təhlili və hesabatı üzrə rəhbər qaydaları
müəyyən edir.
Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi”
standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən
müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək
standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil
edilib.



























