
Vaşiniqton. Trend:
Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir.
Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı
direktoru Kristalina Georgiyeva BVF-in Vaşinqtonda keçirilən yaz
iclasları çərçivəsində qlobal siyasət üzrə brifinqdə deyib.
“Çinə səfər etmək imkanım oldu və Çin rəhbərliyi ilə ölkənin
artım perspektivləri barədə nə düşündüklərini müzakirə etdim.
Gəldiyim əsas nəticələr bunlardır ki, birincisi Çin yol ayrıcında
yerləşir. Ölkə gələcək üçün artım strategiyasını müəyyən etməlidir.
Üstəlik, son on il ərzində Çin ixraca yönəlmiş müəyyən siyasət
kompleksinə əsaslanıb. Lakin artıq artım üçün daxili mənbələrdən
istifadə etməyin vaxtı çatıb”, – o deyib.
K.Georgiyeva qeyd edib ki, BVF Çin üçün 3 mühüm imkanı
görür.
“Birincisi, iqtisadiyyatı daxili istehlak istiqamətində
dəyişmək. Əslində bu, Çinin ikili sirkulyasiyaya malik iqtisadiyyat
yaratmaq səylərinə uyğun gəlir. İstehlakçılarda daha çox əminlik
yaratmaq və onlara daha çox xidmət, məhsul təklif etmək lazım
olacaq. Bilirik ki, Çində səhiyyə xidmətləri əhəmiyyətli dərəcədə
genişləndirilə bilər”, – o deyib.
İcraçı direktorun sözlərinə görə, ikincisi, Çinə müsbət təsir
göstərmiş islahatlara yenə də ehtiyac var.
“Sonuncu, lakin önəmli məqam budur ki, müəyyən problemlər var və
onların necə həll olunacağı Çində artıma təsir göstərəcək. Bunun
daha aşkar nümunəsi daşınmaz əmlak sektorudur. Çində insanlar mülkə
qənaət etmək vasitəsi kimi baxırlar və daşınmaz əmlak qiymətləri
ucuzlaşanda qənaət edilən bu vəsait azalır. Bu, istehlakçıların
etibarına təsir göstərir. Bu səbəbdən sözügedən sektorda daha
qətiyyətli tədbirlər şübhəsiz, Çinə kömək edəcək”, – deyə
K.Georgiyeva əlavə edib.
Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta
Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə
başlayıb.
Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel
tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində
keçiriləcək.
BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə
Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və
BVF-in fəaliyyəti müzakirə olunacaq.
BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və
inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş
cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya
gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya
iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması
və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























