
Bakı. Trend:
“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız
Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell”
hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali
təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda
iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və
mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində
işləyəcəklər.
Adı çəkilən sahələrdə baza biliklərinə sahib olan tələbələr üç
nəfərlik qrup formalaşdıraraq ərizələrini https://hackathon.ufaz.az/registration/
platformasında may ayının 6-dək təsdiq etməlidirlər. İlkin
dəyərləndirmə prosesi bitdikdən sonra 30 komanda hakatonun final
mərhələsində ozünü sınamaq imkanı əldə edəcək. Hakaton 18-19 may
tarixlərində UFAZ-da baş tutacaq və qaliblər may ayının 27-də
açıqlanacaq. İlk üç yerin sahibləri dəyərli hədiyyələrlə təltif
olunacaqlar.
Azercell və UFAZ-ın birgə səyləri nəticəsində ərsəyə gələn bu
layihə texniki bilikləri və innovativ ideyaları ilə seçilən
istedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına öz
töhfəsini verir. Qeyd edək ki, “Techcell” bu tərəfdaşlıq
çərçivəsində həyata keçən sayca üçüncü hakatondur.
Tələbələr hakaton haqqında daha ətraflı məlumat, qiymətləndirmə
meyarları və qeydiyyat qaydaları ilə https://hackathon.ufaz.az saytında
tanış ola, bütün suallarını [email protected] elektron ünvanı vasitəsilə
təşkilatçılara yönləndirə bilərlər.
“Azercell Telekom” MMC hakatonun bütün iştirakçılarına uğurlar
arzu edir!



























