
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının
tədbiri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı
direktorunun müavini Meri Burs Uorlik ilə görüşüb.
Trend xəbər verir ki, görüşdə enerji sahəsində və COP29
çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Azərbaycanda bərpa olunan enerji istehsal güclərinin
yaradılması, şəbəkəyə inteqrasiyası, dənizdə külək enerjisindən
istifadə və müxtəlif istiqamətlərdə “yaşıl enerji” dəhlizləri
layihələrinin həyata keçirilməsi ilə bağlı yeniliklərdən bəhs
olunub. Həmçinin “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair
Qlobal Vəd” və “Qlobal Metan Vədi” təşəbbüslərinə qoşulan
Azərbaycanın enerji səmərəliliyi, emissiyaların azaldılması üzrə
gördüyü tədbirlər nəzərdən keçirilib.
Bu istiqamətdə “EU4Energy” proqramı çərçivəsində IEA tərəfindən
hazırlanmış “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol
Xəritəsi”nin layihəsi müzakirə edilib və bu sənədin əhəmiyyəti
öhdəliklərə töhfə aspektində dəyərləndirilib.
Söhbət zamanı COP29-un gündəliyindəki prioritetlər, o cümlədən
yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli
Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsi üzrə
Azərbaycanın təşviqedici fəaliyyəti və IEA ilə bu çərçivədə
intensiv əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.



























