Advertisement

Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlandı

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki,
2024-cü il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin
əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 2,3% artaraq, 57
372,8 milyon ABŞ dolları təşkil edib.

Fonddan Trend-ə verilən məlumata görə, 2024-cü ilin yanvar-mart
ayları ərzində ARDNF-nin büdcə gəlirləri 5 268,3 milyon manat,
büdcə xərcləri isə 3 205,4 milyon manat olub.

2024-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz
sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 421,4 milyon
manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 645,5
milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit
gəlirləri 0,3 min manat təşkil edib.

Fondun aktivlərinin idarə olunmasından əldə edilən gəlir 1 846,9
milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası
çərçivəsində 3 195,3 milyon manat vəsait dövlət büdcəsinə transfert
edilmişdir. 2024-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq
rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın
maliyyələşməsinə 1,0 milyon manat, “Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair
2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə
3,2 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə
edilməsi ilə bağlı xərcləri 5,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı
ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 151,7 milyon
manat olub.

İlin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi bankların
faiz dərəcələrini azaldacağı gözləntiləri yaranmış və nəticədə
dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr,
eyni zamanda, səhm bazarlarında müsbət dinamika müşahidə
olunmuşdur. Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağı
düşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadi
göstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələri
rübün sonuna doğru yenidən yüksəlmişdir. Bu amillər inflyasiyanın
gözləniləndən daha uzun müddətdə hədəf dəyərinə qayıtması
gözləntilərini önə çəkdiyi üçün maliyyə akitvlərinin dəyəri ilə
bağlı qeyri-müəyyənlik hələ də davam etməkdədir.