
Bakı. Trend:
ARDNF-nin nümayəndə heyəti 17 aprel tarixində London şəhərində
“SimCorp” Qlobal Zirvəsi çərçivəsində baş tutan “SimCorp” Suveren
Sərvət Fondu Forumunda iştirak edib. Bu il ilk dəfə keçirilən Forum
məlumatların idarə olunması sahəsində texnoloji yeniliklərin və
innovativ həllərin müzakirəsi və təcrübə mübadiləsi məqsədilə
suveren sərvət fondlarının mütəxəssislərini bir araya toplayan
unikal platformadır.
Dövlət Neft Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən
ARDNF-nin Risklərin idarəolunması departamentinin direktoru Vadim
Pşeniçnıy “Suveren fondun idarəoluması: ARDNF modeli” mövzusunda
təqdimatla çıxış edib və Forum iştirakçılarına Fondun investisiya
portfeli, dövlət büdcəsinə və ölkə iqtisadiyyatına töhfəsi barədə
ətraflı məlumat təqdim edib. Çıxış zamanı Vadim Pşeniçnıy “Simcorp”
sisteminin Fondun struktur bölmələrinin investisiya fəaliyyətinin
əlaqələndirilməsində, eləcə də, investisiya portfelinin idarə
edilməsi, gəlirlilik və risk kimi müxtəlif göstəricilərin
ölçülməsində, müvafiq hesabatların hazırlanmasında və ümumilikdə
Fondun investisiya fəaliyyətinin avtomatlaşdırılmasında mühüm rol
oynadığını vurğulayıb.
Məlumat üçün qeyd edək ki, investisiya sahəsi üzrə 1000-dən
artıq peşəkarın hər il qatıldığı “SimCorp” Qlobal Zirvəsinin
məqsədi bu sahə üzrə fəaliyyət göstərən qurumları müasir
texnologiyanın təqdim etdiyi üstünlüklərdən yararlanmağa təşviq
etməkdir.



























