
Bakı. Trend:
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Amerika
Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində keçirilən
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun Yaz
Toplantısı çərçivəsində təşkil olunmuş “Orta Dəhlizin ticarət və
logistika potensialının reallaşdırılması” mövzusunda tədbirdə
iştirak edib.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Dünya Bankının Avropa
və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Antonella Bassaninin
sədrliyi ilə keçən görüşdə Dünya Bankının, Avropa Komissiyasının və
ABŞ Dövlət Departamentinin nümayəndələri ilə yanaşı, Mərkəzi Asiya
və Cənubi Qafqaz ölkələrinin, eləcə də Türkiyənin hökumət
nümayəndələri iştirak edib.
Tədbirdə Dünya Bankı tərəfindən aparılmış təhlilə əsasən Orta
Dəhlizin reallaşdırılmasının mümkün olduğu bildirilib və onun
əsasən Çin və Mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb
etdiyi vurğulanıb. Daha sonra dəhlizin nəqliyyat-tranzit
potensialının artırılması üçün qarşıda duran çağırışlar və onların
həlli ilə bağlı Dünya Bankının təklifləri ətrafında fikir
mübadiləsi aparılıb. Görüşdə Türkiyənin nəqliyyat və infrastruktur
naziri, Qazaxıstan Mərkəzi Bankının sədri, Gürcüstan və
Ermənistanın maliyyə nazirləri çıxış edərək Orta Dəhlizin
imkanlarından və əhəmiyyətindən danışıblar.
Tədbirdə Azərbaycanı təmsil edən Samir Şərifov Azərbaycanın Orta
Dəhlizin mühüm tərəfdaşlarından biri olduğunu vurğulayaraq son
illərdə ölkədə yol-nəqliyyat infrastrukturunun inkişafı, ticarət və
logistika potensialının genişləndirilməsi istiqamətində görülmüş
işlərdən danışıb. Nazir bildirib ki, Dünya Bankının təqdimatında da
qeyd olunduğu kimi, Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün
öz üzərinə düşən işləri tam yerinə yetirib. O, Bakı-Tbilisi-Qars
dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının yükaşırma gücünün artırılması, eləcə də ölkədə
nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə
bağlı görülən digər işləri qeyd edib. Nazir Zəngəzur dəhlizinin də
Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması
baxımından xüsusi əhəmiyyətə malik olduğunu və region ölkələrinin
tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət
edəcəyini bildirib. Sonda Samir Şərifov Azərbaycanın Orta Dəhlizin
fəal və vacib tərəfdaşı olmağa davam edəcəyini qeyd edib.
Bununla yanaşı, maliyyə naziri Samir Şərifov Azərbaycan
nümayəndə heyətinin BVF-nin sərəncamçı direktoru xanım Kristalina
Georgiyeva ilə görüşündə iştirak edib, həmçinin Asiya İnfrastruktur
İnvestisiya Bankının Prezidenti Cin Liqun, İqlim İnvestisiya
Fondunun baş icraçı direktoru xanım Tariye Gbadagesin, Avrasiya
İnkişaf Bankının idarə heyətinin sədri cənab Nikolay Podquzov və
İsveçrənin Beynəlxalq Maliyyə üzrə Dövlət Katibi xanım Daniella
Stoffel, Standard ənd Purs və Mudiz beynəlxalq kredit reytinq
agentlikləri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq
məsələlərini müzakirə edib.



























