
Bakı. Trend:
Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı
keçirilib.
Trend ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki,
iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti
Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə
başlanılıb.
R.Nəbiyev açılış çıxışında federasiyanın əsas məqsədinin cüdonun
hərtərəfli inkişafı və kütləviləşdirilməsinin olduğunu bildirərək,
ötən müddət ərzində ölkədə cüdo idman növü ilə məşğul olanların
sayının 50 %-dən çox artaraq 18 min nəfəri keçdiyini vurğulayıb. O,
xüsusilə qız idmançıların sayının artdığını qeyd edib.
Federasiya prezidenti bildirib ki, klublar və milli komandalar
səviyyəsində idmançıların hazırlığının yüksək səviyyədə təmin
edilməsi ilk növbədə ölkədə məşqçiliyin keyfiyyətinin artırılması
ilə əlaqədardır. Bu baxımdan Beynəlxalq Cüdo Federasiyasının
Akademiyası ilə qarşılıqlı əməkdaşlıq nəticəsində bu istiqamətdə
görülən işlər mühüm əhəmyyət kəsb edir.
O, əldə edilən nailiyyətlərin və uğurların təməlində ölkə
rəhbərliyinin idmana, o cümlədən cüdo idmanına verdiyi hərtərəfli
dəstəyin durduğunu vurğulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Cüdo
Federasiyasının son illərdəki fəaliyyətini müsbət qiymətləndirərək
xüsusilə yarışların beynəlxalq standantlara cavab verəcək formada
təşkil edilməsini, cüdonun kütləviləşdirilməsi istiqamətində
görülən işləri qeyd edib.
Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, ACF-nin baş katibi
Rəşad Rəsullu tərəfidən 2022-2023-cü illər üzrə fəaliyyət hesabatı
təqdim edilib. Hesabat konfrans üzvləri tərəfindən təsdiq
edilib.
ACF-nin 2024-2028-ci illər üçün strategiyası iclas
iştirakçılarına təqdim olunub və səsvermə ilə qəbul edilib. Bundan
başqa, Federasiyanın 5-ci redaksiyada Nizamnaməsi təsdiq
edilib.
Bildirilib ki, Raqif Abbasov ACF İcraiyyə Komitəsindəki
səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciət
edib. Onun yerinə İcraiyyə Komitəsi üzvlüyünə Rəşad Rəsullunun
namizədliyi təkif edilib və qəbul olunub.
Rəşad Rəsullunun ACF-nin icraçı vitse-prezidenti seçilməsi
təklif olunub və o, Federasiya üzvləri tərəfindən bu vəzifəyə
təsdiq edilib.
Daha sonra ACF-nin Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və
sədrinin seçiməsi üçün səsvermə keçirilib. Mövlüd Mirəliyev, Ləman
Kərimli və Orxan Əsədov Komitə üzvləri kimi təsdiq edilib və Mövlud
Mirəliyev konfrans tərəfindən Komitənin sədri təyin olunub.





























