
Bakı. Trend:
Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam
edir.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycan millisinin 3 üzvü
mərhələ adlayıb.
Nəbi İsgəndərov (67 kq) 1/8 final çərçivəsində fransalı Huqo
Qraunu sınağa çəkib. Döyüş 4:1 (29:28, 30:27, 29:28, 28:29, 29:28)
hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. İsgəndərov 1/4 finalda
ilk mərhələdən azad olan Laşa Quruli (Gürcüstan) ilə üz-üzə
gələcək.
Malik Həsənov (63,5 kq) da çıxışını qələbə ilə başa vurub. O,
1/8 finalda U-22-lər arasında son Avropa çempionu olan ispaniyalı
Oyer İbarriçeni 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə
məğlub edib. Həsənov 1/4 finalda Din Klensi (İrlandiya) ilə
döyüşəcək.
Sərxan Əliyev (71 kq) isə 1/8 finalda Makkiver Euqenlə
(İrlandiya) münasibətinə aydınlıq gətirib. Boksçumuz qələbə
sayəsində mərhələ adlayıb. O, ikinci qarşılaşmasında Esgerxan
Madiyevlə (Gürcüstan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri aprelin 24-də
olacaq.





























