Advertisement

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik analizi
təqdim edib.

FED-in faiz endirimi ehtimallarının zəifləməsi dolları
bahalaşdırır

Ötən həftə Amerikada makroiqtisadi göstəricilərin dərcindən
sonra FED-in uçot dərəcəsini azaldacağı ilə bağlı ehtimallar
əhəmiyyətli dərəcədə zəiflədi. Faiz dərəcəsi proqnozundaki bu
dəyişiklik ABŞ-ın güclü iqtisadi məlumatlarından və inflyasiyanın
yüksək açıqlanmasından sonra baş verir ki, bu da FED rəsmilərinin
iyun ayında faiz endiriminə başlamaq ideyasını rədd etmələrinə
gətirib çıxarıb. FED sədri Cerom Pavel də ötən həftənin əvvəlində
sərt monetar siyasətin daha uzun müddət davam etdirilməsinə ehtiyac
olduğunu vurğuladı.
Nəticədə dollar valyuta səbəti qarşısında (Dollar İndeksi)
yüksələrək 106.52 bəndə yüksəlib. Bu isə, son 5 ayın
maksimumudur.

Qeyd edək ki, Yaponiyada, Almaniyada, Avrozodana, İngiltərədə və
Amerikada açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes
Aktivliyi İndeksi göstəriciləri, Yaponiyada, Avstraliyada və
Amerikada dərc olunacaq iflyasiya məlumatları, Türkiyə və Yaponiya
mərkəzi banklarının faiz qərarları, eləcə də AMB sədri Kristin
Laqardın çıxışı cari həftədə investorlarının diqqət mərkəzində
olacaq əsas xəbərlərdir.

Həmçinin geosiyasi risklər neft qiymətlərini dəstəkləməyə davam
edəcək. Eləcə də, nəhəng texnologiya şirkətlərinin balans
hesabatları yaxından izləniləcək.

ABŞ inflyasiya rəqəmləri

İnvestorlar cümə günü dərc olunacaq mart ayında yüksək səviyyədə
qalması proqnozlaşdırılan, FED-in üstünlük verdiyi inflyasiya
göstəricisi olan Şəxsi İstehlak Xərcləri (PCE) Qiymət İndeksi
göstəricilərini gözləyirlər.

Güclü əmək bazarı məlumatları, neft qiymətlərinin artmasına
səbəb olan Yaxın Şərqdə geosiyasi gərginliklər, o cümlədən, sədr
Cerom Pavel də daxil olmaqla FED rəsmilərinin açıqlamaları ilə
yanaşı, inflyasiyanın qarşısının alınmasında irəliləyişin
dayandığını göstərən son məlumatlar investorların fazi endiriminə
dair ehtimallarının azalmasına səbəb oldu.

Həftənin digər iqtisadi məlumatlarına əvvəlki rüblə müqayisədə
cüzi azalma göstərəcəyi gözlənilən ÜDM birinci rüb proqnozu
daxildir. Bundan əlavə, yeni ev satışları və İlk dəfə İşsizlik
Müavinatı üçün Müraciət Edənlərin Sayı kimi, önəmli makroiqtisadi
göstərilər də açıqlanacaq.

Biznes Aktivliyi İndeksi

İnvestorlar, xüsusilə də xidmət sektorunda inflyasiyanın geri
qayıtdığını göstərən hər hansı əlamətlər olub olmadığını görmək
üçün çərşənbə axşamı günü Avrozona, ABŞ və Böyük Britaniyada dərc
olunacaq Biznes Aktivliyi İndeksi (PMI) göstəricilərini yaxından
izləyəcəklər. Mart ayı üzrə ABŞ PMI məlumatları göstərdi ki, ABŞ-da
xidmət sektorunun inkişafı xidmət inflyasiyası ilə birlikdə keçən
ay daha da yavaşlayıb.

Bu həftə dərc olunacaq PMİ məlumatları aprel ayında Amerika,
Avrozona və İngiltərə iqtisadiyyatlarında toparlanmanın olub
olmadığını görmək üçün böyük önəm daşıyır.

Böyük texnologiya şirkətlərinin qazanc
hesabatları

“S&P500” və “Dow Jones Industrial Average” indekslərinin
2023-cü ilin mart ayından bəri həftəlik əsasda ən böyük dəyər
itkisini yaşadığı və “Nasdaq”-ın 2022-ci ilin noyabr ayından bəri
ən böyük həftəlik enişini yaşadığı bir həftədən sonra, cari həftə
ərzində böyük texnologiya şirkətlərinin balans hesabatları dərc
olunacaq. Birinci rübün hesabat mövsümü hələ ilkin mərhələdə olsa
da, proqnozlar zəifləyib.

Analitiklər aprelin 1-də 5.1%-lik proqnozla müqayisədə
“S&P500”-ün ümumi mənfəət artımını illik 2.9% səviyyəsində
ehtimal edirlər.

“Möhtəşəm Yeddilik” adlı texnologiya nəhənglərinin qrupuna aid
dörd şirkət maliyyə hesabatlarını dərc edəcəklər. Çərşənbə axşamı
bazar bağlandıqdan sonra elektrikli avtomobil istehsalçısı “Tesla”
(TSLA), çərşənbə günü “Facebook”-un ana şirkəti “Meta” (META),
sonra “Microsoft” (MSFT) və cümə axşamı “Google”-un ana şirkəti.
“Alphabet” (GOOGL) balans hesabatlarını açıqlayacaq. Böyük
texnologiya şirkətləri “S&P500” üçün çox vacibdir, çünki bu
şirkətlər indeksdə ən böyük çəkiyə malikdirlər.

EUR

Ötən həftə Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın
çıxışından sonra, analitiklərin fikrincə, Avropa Mərkəzi Bankının
(AMB) iyun ayında keçiriləcək iclasında faiz dərəcələrini aşağı
salacağı demək olar ki, dəqiqdir. Bu həftə dərc olunacaq PMI
məlumatları Avrozona iqtisadiyyatının bərpa olunduğunu göstərə
bilər və Avropa Mərkəzi Bankına iyun ayında gözlənilən faiz
endiriminə doğru irəliləməyə imkan verə bilər.

Həmçinin Avropa Mərkəzi Bankının dərc olunacaq aylıq hesabatı,
eləcə də AMB sədri Kristin Laqardın növbəti çıxışı investorların
diqqət mərkəzində olacaq.

Təhlillərə əsasən, ötən həftəni 1.0650 səviyyəsində tamamlayan
EURUSD məzənnəsində “Ayılar” qiyməti 1.07$ səviyyəsinin altında
saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.

GBP

İngiltərədə cari həftənin çərşənbə axşamı günü açıqlanacaq
Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda
Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi
göstəriciləri GBPUSD məzənnəsində tendensiyanın gedişinə ciddi
təsir edə bilər. Ötən həftəyə 1.2440 səviyyəsində start verən
GBPUSD məzənnəsi həftəlik şamını 1.2365 səviyyəsində tamamladı.
“Ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya bilsələr,
eniş tendensiyası davam edə bilər.

BOJ iclası

Yaponiya Mərkəzi Bankı bu həftənin cümə günü keçirilən iclasında
yeni rüblük artım və inflyasiya proqnozlarını açıqladığı zaman
investorlar növbəti faiz artımının nə vaxt baş verəcəyi ilə bağlı
ipuçlarını axtaracaqlar.

BOJ-un sədri Kazuo Ueda ötən həftənin son günü verdiyi
açıqlamada bildirib ki, inflyasiya artmağa davam edərsə, mərkəzi
bank “çox güman ki”, faiz dərəcələrini artıracaq və gələcəkdə
hansısa nöqtədə böyük istiqraz alışlarını azaltmağa başlayacaq.

Açıqlamalar Mərkəzi Bankın bu il qısamüddətli faiz dərəcəsi
hədəfini cari 0-0.1% aralığından qaldıracağına dair proqnozları
gücləndirdi. BoJ-nin keçən ay səkkiz illik mənfi faiz dərəcələrinə
son qoyma qərarından bu yana bank rəsmilərinin borclanma
xərclərinin bir müddət sıfır ətrafında qalacağına dair
səsləndirdikləri fikirlər fonunda yen ucuzlaşmaqda davam edir.

NEFT

İranın, İsrailin cavab olaraq pitolsuz uçuş aparatlarıyla
düzənlədiyi hücumu görməməzlikdən gəlməsi, Yaxın Şərqdə münaqişənin
böyüməsinin qarşısının alınabiləcəyinə yönəlik eyhamından sonra
neft ötən həftəni enişlə tamaladı. Yaxın Şərqdə, xüsusilə də İran
və İsrail arasında hərbi ritorikanın tədricən azalması fonunda neft
qiymətləri keçən həftə təxminən 3% ucuzlaşıb. Həm “Brend” həm də
“WTI” (Qərbi Texas Nefti) fevral ayından bəri ən böyük həftəlik
itki ilə üzləşib.

Bununla belə, investorlar Yaxın Şərqdəki gərginliyin tədarükü
poza biləcəyi ehtimalını nəzərdən qaçırmırlar. Bu arada, cümə günü
dərc edilən hesabatlarda Beynəlxalq Valyuta Fondunun “OPEC+”-un
iyul ayından neft hasilatını artırmağa başlayacağını
proqnozlaşdırdığı bildirilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi
“OPEC+” üzvləri keçən ay gündəlik 2.2 milyon barellik könüllü
hasilatın azaldılmasını iyunun sonuna qədər uzatmaq barədə razılığa
gəliblər. Bu, neftin qiymətini yüksək saxlamağa kömək etdi.

Qeyd edək ki, ötən həftə 87.35$-a kimi ucuzlaşan “Brent” nefti,
82.80$-a düşən “WTI” nefti geosiyasi proseslər gərginləşərsə,
yenidən bahalaşa bilər.

XAUUSD

Ötən həftəyə enişlə başlayan və 2324$ səviyyəsini test edən
qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər və geosiyasi
proseslər fonunda 2418$-a kimi bahalaşdı. Lakin, bu həddə
“ayılar”ın müqavimətilə qarşılaşan “sarı metal” bir qədər ucuzlaşdı
və həftəlik şamını 2390$ səviyyəsində tamamladı. Ehtimal olunur ki,
bu həftə Yaponiyada, Almaniyada, Avrozodana, İngiltərə və Amerikada
açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi
göstəriciləri, Yaponiyada və Avstraliyada və Amerikada dərc
olunacaq iflyasiya məlumatları fonunda qızıl qiymətlərində müşahidə
olunan kəskin dalğalanmalar davam edə bilər.