Advertisement

YAP Xətai rayon təşkilatının A.Novruzov 28 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib

Bakı. Trend:

Aprelin 22-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının Araz Novruzov 28 ünvanı üzrə ərazi partiya
təşkilatında növbəti görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə şanlı
Qələbəmizdən ötən üç ildən artıq dövrdə Azərbaycan tarixinin Zəfər
səhifələrinin daha da zənginləşməsindən böyük qürur hissi ilə bəhs
edib. Bildirib ki, dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin
liderliyi, ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində 30 illik işğala
son qoyaraq haqqın, ədalətin zəfər çaldığını sübut etdi. Son üç
ildə Zəfərdən Zəfərə doğru addımlar atılır, dünya Azərbaycanın
hansı imkanlara malik olduğunun bir daha şahidinə çevrilir. Bu
günlərdə Qazax rayonunun 4 kəndinin müharibəsiz işğaldan azad
edilməsi dövlət başçısı İlham Əliyevin uğurlu siyasətinin
nəticəsidir. Möhkəm təmələ əsaslanan siyasət daim uğurlara yol
açır. Azərbaycan nəinki 30 illik işğal, eyni zamanda, postmünaqişə
dövründə qazandığı zəfərlərlə kifayətlənməyərək daha da inkişaf
edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Dövlət başçısı
İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında müasir
dövrün reallıqlarına uyğun olaraq bu çağırışı səsləndirdi ki,
gələcək haqqında düşünməliyik. Zamanı qabaqlamalıyıq. Ölkənin
gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf
təmin edilsin, müstəqilliyimiz əbədi və dönməz olsun, Azərbaycanın
qüdrəti, təsir imkanlarımız artsın və daim xalqımız təhlükəsizlik
şəraitində öz dədə-baba torpağında yaşasın.

Vüqar Rəhimzadə bu gün işğaldan azad edilmiş ərazilərimizdə
aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda ölkəmizin
iqtisadi imkanlarından da danışıb. Bildirib ki, hər bir inkişafın
əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadi
müstəqilliyini günbəgün möhkəmləndirməsi siyasi mövqeyinə öz müsbət
təsirini göstərir. Bu gün Azərbaycanın böyük investisiyalar məkanı
kimi diqqətdə olması həyata keçirilən təkmil islahatların
nəticəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər
Azərbaycanın iqtisadi imkanlarını nümayiş etdirir.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hər bir uğurunda
öz payı olan Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!”
devizi altında qəbul edilən yeni Proqramından irəli gələn
vəzifələrin uğurlu icrası istiqamətində atdığı addımlardan,
partiyanın sıralarının günbəgün genişlənməsindən, monolitliyini
qorumasından bəhs edib. Vurğulayıb ki, hazırda hər bir rayon
təşkilatı yeni Proqramda əksini tapan çağırışların həyata
keçirilməsinə öz töhfələrini verməyə səy göstərir. Dünənin, bu
günün və gələcəyin partiyası kimi cəmiyyətdə yeri və rolunu
möhkəmləndirən, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan
Yeni Azərbaycan Partiyası daim ölkəmizin qüdrətlənməsinə,
beynəlxalq nüfuzunun artmasına, xalqımızın yüksək rifah şəraitində
yaşamasına səy göstərir.

Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının cəmiyyətdə
artan nüfuzundan, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan
müasir müstəqil Azərbaycanın Zəfərlərindən bəhs ediblər.

Sonra təşkilatı məsələyə baxılıb. Elmir Novruzov YAP Xətai rayon
təşkilatının A.Novruzov 28 ünvanı üzrə ərazi partiya təşkilatın
sədri, Eynulla Namazov sədr müavini seçiliblər.