Advertisement

Avropa çempionatında 1 boksçumuz 1/2, 2-si 1/4 finalda

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam
edir.

Trend İdman.biz
istinadən xəbər verir ki, yarışın 5-ci günündə Azərbaycan
millisinin daha 3 üzvü çıxışını qələbə ilə başa vurub.

Zeynəb Rəhimova (52 kq) 1/8 finalda Nikola Primaçenkonu (Polşa)
sınağa çəkib. Hər 3 raundda üstün olan boksçumuz yekunda 5:0
(29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O,
aprelin 23-də Venelina Poptoleva (Bolqarıstan) ilə döyüşəcək.

Məhsəti Həmzəyeva da ilk qarşılaşmasını aktivinə yazıb. 57 kq-da
çıxış edən idmançı 1/8 finalda Rebeka Dobosu (Macarıstan) məğlub
edib – 5:0 (30:27, 30:27, 30:26, 30:25, 30:27). Həmzəyeva 1/4
finalda Svetlana Kamenova (Bolqarıstan) ilə üz-üzə gələcək. Görüş
aprelin 23-nə təsadüf edəcək.

Yığmamızın lideri Alfonso Dominqes (92 kq) isə adını yarımfinala
yazdırıb. Dünya çempionumuz 1/4 finalda isralilli Yan Zaka 4:3
hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə ilə özü üçün azı
bürünc medalı təmin edib. Dominqes növbəti görüşünü aprelin 25-də
keçirəcək.

Qeyd edək ki, bu gün Anaxanım İsmayılova (48 kq) da Lusine
Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdıraraq 1/4 finalda
iştirak hüququ qazanıb.