Advertisement

Oğlanların çoxu belə deyil – 38 qol vuran Aysun Seydiyeva (MÜSAHİBƏ) (VİDEO)

Bakı. Trend:

“Neftçi”nin futbolçusu Aysun Seydiyeva İdman.bizə müsahibə
verib.

Trend İdman.biz
istinadən müsahibəni təqdim edir:

– Azərbaycan Yüksək Qızlar Liqasında “Olimpiya”ya 41:0
hesabı ilə qalib gəldiyiniz oyunda 38 qol vurmusuz. Bunu necə şərh
edərdiz?

– Hamı bundan danışır, ancaq rəqibimiz çox güclü deyildi,
komanda yoldaşlarım da topları mənə ötürdüyünə görə bu qədər qol
vura bilmişəm. Hazırda çempionatımızın vəziyyəti o qədər də yaxşı
deyil, cəmi üç əsas rəqib var: “Neftçi” “Sumqayıt” və “Baku
Juniors”. Bu komandalarla oynayanda çətin olur. Digərləri isə hələ
o səviyyəyə gəlib çatmayıb.

– Sizcə, ölkəmizdə qadın futbolunda inkişafı ləngidən
əsas amillər nələrdir?

– Əsas problemlər maddiyyat və qadın komandalarına qarşı olan
diqqətsizlikdir. Bilirik ki, “Sabah” və “Qarabağ”ın Yüksək
Liqalarında qız komandaları yoxdur. Əgər onlar da “Neftçi”,
“Sumqayıt”, “Qəbələ” kimi qadın futboluna diqqət yetirsələr,
inkişaf da olar.

– “Sumqayıt”dan söz düşmüşkən, Yüksək Liqada turnir
cədvəlinə “gənclik şəhəri” təmsilçisi başçılıq edir.

– Keçən il də ən yaxşı “Sumqayıt” idi, çempion olmuşdu. Bu il də
kifayət qədər güclü rəqibdir. Onlarla futbol oynayanda hiss edirsən
ki, qarşında rəqib var.

– Aysun, siz əvvəllər legioner həyatı yaşamısınız. Yenə
təklif gəlsə, gedərsiniz?

– Ana olduqdan sonra bir az çətin məsələdir. Çünki uşağı
düşünmək məcburiyyətindəyəm. Əgər Aminə xaricdən belə bir təklif
gəlsə və onun komandasının qız komandası olsa, orada oynayaram.
Ancaq tək özümə təklif gəlsə, indiki durumda dəyərləndirə bilmərəm.
Ana olandan sonra öz anamı da başa düşürəm. Həqiqətən də, uşağa
baxmaq, üstəlik futbolla məşğul olmaq çox çətindir. Ancaq xalam
mənə çox dəstək olur. Məşqlər, oyunlar zamanı oğluma o baxır.

– Bəs, Azərbaycanda hansı komandadan təklif gəlsə,
dəyərləndirərsiniz?

– Elə bir komanda yoxdur. Futbol karyerama “Neftçi”də
başladığıma görə, Azərbaycanda qalsam, elə burda da davam
etdirərəm, digər klubları düşünmərəm.

– Bir müddət öncə futboldan getmək istədiyinizi
demişdiniz. Hələ də bu istək aktualdır?

– Elə bir fikrim var idi, ancaq hazırda davam edirəm.

– Belə düşünməyinizə səbəb nə idi?

– Diqqətsizlik. Ümumiyyətlə, qadınlara qarşı hər yerdə bu cür
diqqətsizlik var, getdiyim bütün ölkələrdə bunu görmüşəm. Amma
bizdə daha çoxdur. Millətlər Liqasının C divizionunda birinci
olduqdan sonra bir az bizdən danışdılar və unudulduq. Əslində, bu
çox böyük uğur idi, daha çox qabardıla bilərdi. Ancaq bundan
bir-iki televiziya kanalında danışdılar, vəssalam.

– Bəlkə danışılması üçün uğurların davamı
olmalıdır?

– Baxın, Macarıstanla səfərdə nəticə 1:1 oldu, hətta uda da
bilərdik. Çox güclü komandadır. O oyundan sonra İsveçrə ilə
qarşılaşmada stadionu boş görürüksə, daha neyləyə bilərik? On
oyundur ki, məğlub olmurduq. Ancaq bunu görmürlər. Matçlarımıza
azarkeşlər gəlmir, bizi dəstəkləmirlər. İdmançının motivasiyaya çox
ehtiyacı var. Qadın futbolunun reklamı da çox aşağıdır.

– Ailə üzvləriniz necə? Onlar oyunlarda stadiona
gəlirmi?

– Arada Aminin vaxtı olanda gəlir. Anam çox vaxt gələ bilmir,
qardaşım tez-tez gəlir. Qardaşım özü də futzal oynayır.

– Bəs siz Aminin oyunlarına gedirsiniz?

– Bəli, hər oyununa getməyə çalışıram. Səfər oyunlarına gedə
bilməsəm də, ev oyunlarında həmişə yanında oluram. Onun uğurunu
izləmək xoşuma gəlir.

– Azərbaycanda çox vaxt qadın futbolçular ailə qurandan
sonra futbolla vidalaşır. Bu baxımdan siz şanslı olmalısınız.
Karyeranızı davam etməyinizdə həyat yoldaşınız Amin Seydiyevin də
futbolçu olmağının çox güman rolu var.

– Bəli, mentalitetə görə, qızlarımızın çoxu ailə qurandan sonra
futboldan uzaqlaşıblar. Biz bu işə uşaqlığımızı vermişik,
birdən-birə karyeranı atmaq asan deyil. Qarşıma Amin çıxmasaydı,
bəlkə də, hələ ailə həyatı qurmazdım. Sadəcə futbolla məşğul
olardım. Yaxşı ki, Amin kimi məni başa düşən, dəstək olan adam
çıxıb qarşıma. Ancaq başqa oğlanların çoxu belə deyil.

– Sizin gəldiyiniz dövrdən bu günə dəyişən şeylər
çoxdurmu?

– 2010-cu ildə milli komandaya təzə gələndə indikindən daha çox
problemlər vardı. Qızların futbola gəlməyini valideynlər yaxşı
qarşılamırdı. İllər keçdikcə valideynlər də, azarkeşlər də bunu
normal qəbul etməyə başladı. Əvvəllər komandaya qız tapmaq çox
çətin idi. Baş məşqçimiz Siyasət Əsgərov rayonlara gedir,
həftələrlə qalır, futbol oynayan qız axtarırdı. Ancaq bu gün
valideynlər özləri çalışırlar ki, uşaqlarını gətirsinlər. İndi
nisbətən vəziyyət dəyişib. Ailə qurandan sonra da qadınlara dəstək
olsalar, yaxşı olar. Qız tapa bilmirik, çox azdırlar. Balaca yaş
qruplarından gəlib bizə yaxşı oyunçular çatmır. Çünki uşaq
futbolumuz o dərəcədə də inkişaf etməyib. Elə olur ki, 13 yaşından
futbola başlayırlar. Bu çox gecdir. Mən məsələn, altı yaşımdan
başlamışam.

– Siz həm də milli komandanın üzvüsünüz. Hazırda
yığmanın vəziyyətini necə dəyərləndirirsiniz?

– Komanda olaraq vəziyyətimiz çox yaxşıdır. Düzdür, axırıncı
oyunumuz ürəkaçan olmadı, İsveçrənin səviyyəsi məlumdur. Ancaq
sonadək vuruşduq. Maksimum xal toplayıb B liqasında davam etmək
istəyirik. Qrupumuzun favoriti İsveçrədir, Macarıstan da ona
yaxındır. Amma Türkiyə ilə bərabər səviyyədəyik. Hətta onlara qalib
də gələ bilərik. Macarıstana da qalib gələ bilərdik, heyf ki,
fürsətləri dəyərləndirə bilmədik. Ümidvaram, növbəti oyunda
Macarıstandan xallar ala bilərik.

– Azərbaycan çempionatında azarkeşlik etdiyiniz komanda
varmı?

– Amini tanıyana qədər Azərbaycan çempionatını izləmirdim.
Azarkeşlik etdiyim komanda da “Sabah”dır. Başqa ölkənin
komandalarına qarşı oynayanda isə “Qarabağ”.

– Bəs “Neftçi”?

– “Neftçi” heç də. Öz oynadığım komandadır.

– Artıq üç komandanın adını çəkdiniz. Onda siz komandanı
yox, Amini dəstəkləmiş olursunuz.

– Yüz faiz. Amin harda olsa, onun komandasının uğuruna
sevinəcəm.

https://www.youtube.com/watch?v=jEBKeuGaVj4