
Bakı. Trend:
Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək
məqsədilə 23 Aprel – Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti
uğurlu layihəsini həyata keçirib. Belə ki, bank Ağdam rayon
Ə.Allahverdiyev adına Alıbəyli kənd tam orta məktəbinin ibtidai
sinfində təhsil alan 100-dən çox şagird üçün məktəbli ləvazimatları
və kitablar hədiyyə edib. Məqsəd uşaqları oxumağa həvəsləndirmək,
onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və
təhsilin önəmini aşılamaqdan ibarətdir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada
məktəblilərə təqdim edilən kitablar klassik və müasir ədəbiyyatı
əhatə edir. Bura nağıllar, uşaq ədəbiyyatı, dünya və Azərbaycan
ədəbiyyatından nümunələr və bu qəbildən olan digər kitablar
daxildir. Əlavə olaraq, çanta, qələm, dəftər, rəngli karandaşlar,
rəsm dəftəri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim
edilib.
Qeyd edək ki, Rabitəbank məktəbliləri kitabla təmin etməyi artıq
bir ənənə halına çevirib. Belə ki, bank yaranmasının 30 illiyi və
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
“Kitab Gəzər”in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif
bölgələrinin 30 ucqar kənd məktəbini ziyarət edərək, orada təhsil
alan şagirdlər üçün kitabxanalar qurub. Bundan başqa, bank Bakının
Nardaran qəsəbəsində 130 nömrəli məktəbi ziyarət edib,
məktəblilərlə görüşərək onlara 400-dən artıq kitab hədiyyə edib.
Məqsəd təqdim edilən kitablardan ibarət yeni kitabxanalar qurmaqla
şagirdlərdə oxumağa qarşı olan sevgi və marağı artırmaq, onları
gələcəkdə böyük nailiyyətlər əldə etməyə sövq etməkdir.
“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28
xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet
Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı
Mərkəzi ilə müştərilərin xidmətindədir.



























