Advertisement

Azərbaycan-Macarıstan enerji İşçi Qrupunun iclası keçirilib (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində Azərbaycan Respublikası Hökuməti və
Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun hibrid
formatda 4-cü iclası keçirilib.

Trend xəbər verir ki, İşçi Qrupun həmsədri, Energetika
Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək, Azərbaycan
ilə Macarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə
olduğunu, ali səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın
inkişafına töhfə verdiyini qeyd edib. Müxtəlif səviyyələrdə
keçirilmiş görüşlər və imzalanmış sənədlərin həm ənənəvi enerji,
həm də yaşıl enerji sahəsində əməkdaşlığın inkişafına töhfə
verdiyi, görülmüş işlərin və əldə edilmiş nəticələrin planları
qabaqladığı vurğulanıb.

Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət
Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri xanım
İzabella Feierabend İşçi Qrup çərçivəsində əməkdaşlığının hazırkı
vəziyyəti və cari ildə atılacaq addımlarla bağlı fikirlərini
bölüşüb.

İclasda İşçi Qrupun 3-cü iclasından ötən dövr ərzində görülmüş
işlər barədə ətraflı məlumat verilib, neft və qaz sahəsi üzrə
əməkdaşlıq, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerji
səmərəliliyi sahələrində həyata keçirilən layihələrə dair
təqdimatlar dinlənilib. Ötən ilin iyun ayında iki ölkənin enerji
şirkətləri arasında təbii qaz təchizatı üzrə bağlanmış müqavilədən
irəli gələn məsələlər nəzərdən keçirilib, orta və uzunmüddətli qaz
ticarəti üzrə müzakirələrin davam etdirilməsinə maraq ifadə
olunub.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Sazişin icrası məqsədilə keçirilmiş nazirlər görüşlərinin
nəticələrinə istinad edilib, bu əməkdaşlıq platformasının hər iki
ölkənin yaşıl gündəliyinin icrasına töhfə verdiyi qeyd edilib.

İclasda, həmçinin ölkələrin tənzimləyici orqanları arasında
qarşılıqlı təlimlərin və seminarların təşkilinin davam etdirməsi
təşviq edilib, enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin
aparılması və enerji effektivliyi fondlarının idarə edilməsi ilə
bağlı fikir mübadiləsi aparılıb.

İclasın sonunda Enerji üzrə İşçi Qrupun 4-cü iclasının
yekunlarına dair Protokol imzalanıb. İşçi qrupun növbəti iclasının
gələn il Budapeştdə keçirilməsi qərara alınıb.