
Bakı. Trend:
“Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildə
ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100
reytinqini açıqlayıb.
Trend xəbər verir ki, Bakı reytinq sıralamasında 3-cü yerdə
qərarlaşıb.
Nəşrin məlumatına görə, Azərbaycana birbaşa xarici investisiya
yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci
ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Qeyd olunur ki, bir
neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya
təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon
dollar sərmayə yatırılacağına dair saziş imzalanıb.
Qeyd edək ki, ötən il Bakıda iqtisadiyyat naziri Mikayıl
Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter
Siyartonun iştirakı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində
fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və
Macarıstanın “Hell Group” şirkəti arasında Birgə İştirak Müqaviləsi
imzalanıb.
Sənədə əsasən, Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü
700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun
tikintisi nəzərdə tutulur. İstehsal olunacaq məhsullar daxili
tələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac
ediləcək. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması
planlaşdırılır. Layihənin investisiya dəyəri 211 milyon
dollardır.
Azərbaycanın əlverişli biznes və investisiya mühiti bir çox
xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox
sahələrində önəmli layihələr icra olunur, yeni iş yerləri
yaradılır.
2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə
“Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı
müəssisəsinin açılışı olub. 100% Çin kapitallı müəssisəyə 50 milyon
ABŞ dolları məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni iş
yeri yaradılıb.
Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha bir
layihə Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited”
şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli
avtobusların istehsalı layihəsidir. Layihәdә AİŞ payçı kimi iştirak
edәcәk. BYD şirkәti tәrәfindәn layihəyə ilkin olaraq 34 mln. ABŞ
dolları, daha sonra isə əlavə dəyər yaradan investisiya
layihələrinin icrasına 60 milyon ABŞ dolları mәblәğindә
investisiyanın yatırılması nəzərdə tutulur. Layihə çərçivəsində 800
yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindәn
elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin
lokallaşdırılması nәzәrdә tutulub.
Həmçinin AİŞ və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi
ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış Birgə İştirak
Müqaviləsinə uyğun olaraq 2023-cü ildə Pirallahı Sənaye Parkında
“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman
vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. Layihənin
investisiya dəyəri 35 milyon dollardır. Bundan başqa, İsrailin
“BioPharmax” şirkəti ilə Ələt Azad İqtisadi Zonasında layihə dəyəri
45 milyon avro olan əczaçılıq müəssisənin tikintisi həyata
keçirilir.
Sahibkarlara önəmli güzəştlər və stimullar təqdim edən Ələt Azad
İqtisadi Zonasında sənaye avadanlıqlarının, tikinti materiallarının
istehsalı, aviasiya, gəmiçilik, neft-kimya və digər istiqamətlər
üzrə layihələrin icrası nəzərdə tutulur.
Həmçinin AİŞ-in iştirakı ilə Türkiyənin “Demirören” şirkəti ilə
regionlarımızda kiçik su elektrik stansiyalarının bərpası və
istismarı layihəsi üzrə 15 milyon ABŞ dolları, İsrail şirkəti ilə
damazlıq yumurta istehsalı layihəsi üzrə 20 milyon manat
investisiya yatırılması nəzərdə tutulur.
Bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl
tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə
içməli su istehsalı pilot layihəsinin həyata keçirilməsi ilə bağlı
işlər davam etdirilir.
“Financial Times”ın “FDI Intelligence” nəşrinin reytinq
cədvəlində ilk yeri Almaniyanın Manheyim şəhəri, ikinci yerdə isə
Rumıniyanın Krayova şəhəri yer alıb. Hesabatda bildirilir ki,
2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar
dəyərində birbaşa xarici investisiyaların qoyulması barədə razılığa
gəlinib ki, bu da əvvəlki illə müqayisədə 4% çoxdur.
Böyük Britaniyanın dünyaca məşhur “Financial Times” nəşrinə
məxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə
qlobal və regional bazarların və korporativ investisiya mühitinin
dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin “FDI 100” metodologiyası
birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf
edən 100 regionun öyrənilməsinə əsaslanır. Reytinq özəl kapital
bazarları üzrə məlumatların qiymətləndirilməsi və elan edilmiş
investisiya layihələrinin sayını, kapital qoyuluşunun və birbaşa
xarici investisiyaların artım tempini, habelə investisiyalar
hesabına yaradılacaq yeni iş yerlərinin sayını nəzərə alır.



























