
Bakı. Trend:
COP29 Azərbaycan Əməliyyat Şirkəti 2024-cü ilin noyabr ayında
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak
edəcək tərəflərin pavilyonlar üzrə rəsmi müraciətlərinin qəbuluna
başlayıb.
Trend xəbər verir ki, məlum olduğu kimi, BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcəkdir.
Konfransa hazırlıq prosesində Çərçivə Konvensiyasına daxil olan
tərəflərin – 197 üzv dövlət və Avropa Birliyi olmaqla – 198
nümayəndə heyətinin ölkə pavilyonları və ofis məkanlarının təşkili
vacib əhəmiyyət kəsb edir.
Əməliyyat Şirkəti Konfrans məkanının “Göy zonasında” yer alan
ölkə pavilyonlarının qurulması üzrə ilkin müraciətlə çıxış edən
maraqlı tərəflərin istəklərinin tam təfərrüatlı qəbulu və
tərəflərin iştirakının yüksək səviyyədə təmin edilməsinə xidmət
edən müvafiq proseduru artıq hazırlayıb beynəlxalq ictimaiyyətin
diqqətinə təqdim edibdir.
COP tədbirlərində geniş təcrübəyə sahib olan
“Orientations.events” şirkəti vahid prosesin təşkili və icrası üzrə
tərəfdaş seçilmişdir. Ölkələrin iştirakını asanlaşdırmaq üçün
rəqəmsal platforma olan “COP29 nümayəndəlik xidmətləri portalı”
maraqlı tərəflərin istifadəsi üçün təqdim edilibdir. Portal
nümayəndə heyətlərinə COP29-da iştirak üçün maraqlarını ifadə
etməyə və onların Göy Zonada iştirakçılığı ərəfəsində bütün zəruri
əlavə xidmətləri seçməyə imkan verir.
Xatırladaq ki, bu ilin noyabr ayında Bakı Stadionu COP29
Konfransı və eləcə də Yaşıl Zona proqramı və tədbirləri üçün vahid
məkan kimi xidmət edən beynəlxalq arenaya çevriləcəkdir. BMT-nin
təşkilatçı qrupu ilə birgə Stadionun ərazisini COP29-un Göy və
Yaşıl Zonalarına ayıran müfəssəl plan tamamlanma
mərhələsindədir.



























