Advertisement

SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti (DVX) arasında təlim və inkişaf sahəsi üzrə
Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Trend xəbər verir ki, sənəd hər iki dövlət qurumunun intensiv
əməkdaşlıq münasibəti qurmaqla əməkdaşların bilik və bacarıqlarının
inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsini nəzərdə
tutur.

Memorandum tərəflərin birgə və ya SOCAR-a aid müxtəlif
mövzularda keçirilməsi nəzərdə tutulan təlim və inkişaf
tədbirlərinin DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində
təşkilini, qurumların əməkdaşlarının qarşılıqlı təlimlərdə
iştirakını, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin
(TTSİ) müvafiq infrastrukturunun DVX tərəfindən istifadəsini və
TTSİ təlimlərində DVX əməkdaşlarının müvafiq şərtlərlə iştirakını,
elektron təlim materiallarının qarşılıqlı mübadiləsini və digər
məsələləri əhatə edir.

Əməkdaşlıq haqqında Memorandumu DVX-nın rəis müavini Samirə
Musayeva və SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva
imzalayıblar.

Tədbirdə çıxış edən Ziba Mustafayeva, Samirə Musayeva, SOCAR-ın
kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, DVX
İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova, DVX rəisinin
müşaviri Sərxan Həşimov əməkdaşlıq istiqamətlərinin əhəmiyyətindən
danışıb və kommunikasiyanın qurulmasından məmnunluq ifadə
ediblər.

Qeyd edək ki, əməkdaşlığın uzun müddət davam etdirilməsi və
gələcəkdə insan kapitalının davamlı inkişafı istiqamətində əhatə
dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.