
Bakı. Trend:
Energetika Nazirliyində Azərbaycan Respublikası Hökuməti və
Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Trend xəbər verir ki, energetika nazirinin müavinləri Kamal
Abbasovun və Orxan Zeynalovun iştirakı ilə keçirilən görüşdə
Azərbaycan və Macarıstanın strateji tərəfdaş ölkələr olduğu
vurğulanıb, digər sahələrdə olduğu kimi energetika istiqamətində
əməkdaşlığın uğurları qeyd edilib. Macarıstan şirkətlərinin
ölkəmizdəki enerji layihələrində iştirakından bəhs edilib.
Qonaq mövcud əməkdaşlığın Macarıstanın enerji təhlükəsizliyinə
töhfə verdiyini bildirərək, Azərbaycandan tədarük olunan qazın
həcminin artırılmasına maraq ifadə edib.
“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin yaradılması
çərçivəsində nazirlər görüşlərində verilmiş qərarların icrası
nəzərdən keçirilib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan
ötürücü sistem operatorları arasında birgə müəssisənin təsis
edilməsinin sürətlənməsi isiqamətində fikir mübadiləsi
aparılıb.
Energetika Nazirliyinin aparatı ilə yanaşı Nazirlik yanında
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Nazirliyin
tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və SOCAR-ın
nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycanla Macarıstan
arasında enerji əməkdaşlığından irəli gələn bir sıra digər
məsələlər də müzakirə olunub.



























