Advertisement

Süni intellektin təsiri ölkələr daxilində də qeyri-bərabər olacaq – BVF

Vaşınqton. Trend:

Süni intellektin (AI) təsiri, böyük ehtimalla, qeyri-bərabər və
ölkələr daxilində olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Tədqiqatlar
Departamentinin rəis müavini Covanni Melina aprelin 15-dən 20-dək
Vaşinqtonda keçirilən BVF-nin Yaz İclasları çərçivəsində Trend-ə özəl müsahibəsində
deyib.

O qeyd edib ki, dünya üzrə iş yerlərinin təxminən 40 faizi süni
intellektdən istifadə ilə bağlıdır və bu, həm imkanlar, həm də
risklər gətirir:

“Əslində, bu sahədə inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələr arasında böyük fərq var, çünki inkişaf etmiş
iqtisadiyyatlarda risk səviyyəsi təxminən 60 faiz olduğu halda,
inkişaf etməkdə olan bazar ölkələrində 40 faizə enir. Və bu o
deməkdir ki, bir tərəfdən qabaqcıl iqtisadiyyatlar süni intellektlə
bağlı dərhal risklərlə üzləşirlər, lakin eyni zamanda, süni
intellektin faydalarından yararlanmağa daha yaxşı hazırdırlar.
İnkişaf etməkdə olan iqtisadiyyatlar eyni ani risklərlə
qarşılaşmaya bilər, lakin süni intellektin faydalarını əldə etməkdə
daha çətin ola bilər”.

O, BVF-nin süni intellektin faydalarından istifadə etmək üçün
üzv ölkələrlə fəal iş apardığını, eyni zamanda onun iqtisadi
sabitliyə və inklüzivliyə potensial risklərini iki əsas yolla
azaltdığını vurğuladı:

“Birincisi təhlildir və son hesabatımız götürdüyümüz təhlilin
bir nümunəsidir. Biz həmçinin bu təhlildən ölkə üzrə tövsiyələr
vermək üçün istifadə edirik. Bir çox üzv ölkələrin səlahiyyətli
nümayəndələrini çağırmaq və bu məsələnin müzakirəsinə şərait
yaratmaq da BVF-nin çox mühüm funksiyasıdır. Məsələn, İdarəedici
Direktorumuzun qlobal debatı keçirildi və debatın əsas mövzusu süni
intellektlə bağlı idi və bu debatda həm ölkə rəsmiləri, həm də
alimlər süni intellekt məsələlərini müzakirə etmək üçün dəvət
olunublar”.

O qeyd edib ki, BVF öz təhlili çərçivəsində süni intellektin
tətbiqinə ölkələrin nə dərəcədə hazır olduğunu qiymətləndirən süni
intellektə hazırlıq indeksini hazırlayıb.

“Bu indeksin rəqəmsal infrastrukturu və iqtisadiyyatda, əmək
bazarında süni intellektdən istifadə etmək üçün müvafiq
bacarıqların mövcudluğunu, xaricdən innovasiya və ya yeni
texnologiyaların mənimsənilməsi qabiliyyətini, habelə tənzimləyici
bazanı nəzərə alan bir neçə ölçüləri var. Məsələn, texnologiyadan
istifadə üçün, eyni zamanda vətəndaşlar üçün təhlükəsiz və etik
qaydada istifadə olunan idarəetmə strukturu varmı? Və bu indeksə
nəzər saldıqda görürük ki, ümumilikdə inkişaf etmiş ölkələr əsas
infrastruktura, rəqəmsal infrastrukturun mövcudluğuna, insan
kapitalına gəldikdə çox yüksək qiymətləndirilir, halbuki bir çox
inkişaf etməkdə olan ölkələr hələ də bu göstəricidən geri
qalırlar”, – deyə o bildirib.

O qeyd edib ki, bu, həm də siyasət prioritetləri ilə bağlı bəzi
təkliflər irəli sürmək imkanı verir:

“Qabaqcıl iqtisadiyyatlarda diqqət süni intellektin təhlükəsiz
qəbulunu asanlaşdırmaq və düzgün sosial təhlükəsizlik şəbəkələrinin
qurulmasını asanlaşdırmaq üçün tənzimləyici bazaların
təkmilləşdirilməsinə yönəldilməlidir, inkişaf etməkdə olan
ölkələrdə isə rəqəmsal infrastrukturun və texnologiyadan istifadə
etmək üçün tələb olunan rəqəmsal bacarıqların qurulmasına
investisiya qoyulmalıdır. Bu, məsələn, inkişaf etməkdə olan
ölkələrdə tənzimləmələrin vacib olmadığı anlamına gəlmir. Bu hələ
də çox vacibdir. Lakin, məsələn, İnternetə çıxış və ya
iqtisadiyyatda kifayət qədər sayda kompüter olmadan yaxşı
tənzimləyici bazanın olması texnologiyanın tətbiqini
asanlaşdırmayacaq”.

O əlavə edib ki, BVF-nin mandatı ilk növbədə iqtisadi və maliyyə
risklərinə və imkanlarına diqqət yetirməkdir:

“Aydındır ki, bu yeni texnologiya bütün dünyada məhsuldarlığı və
gəlirləri artırmaq üçün böyük potensial təklif edir, lakin eyni
zamanda bərabərlik, məşğulluq və maliyyə sabitliyi üçün risklər
yaradır. Bütün bunlar BVF-nin diqqət mərkəzində olduğu mərkəzi
siyasət məsələləridir. Bu risklərə gəldikdə, BVF-nin rolu təhlil
etmək və onların azaldılmasına dair xüsusi tövsiyələr
verməkdir”.

O hesab edir ki, diqqət siyasəti mümkün qədər əhatəli etməyə
yönəldilməlidir:

“Məsələn, sosial müdafiə sisteminin gücləndirilməsi.
Hesabatımızda biz süni intellektin təsirinin, hətta ölkələr
daxilində, böyük ehtimalla, qeyri-bərabər olacağını görürük. Bizdə
daha gənc, daha savadlı işçilərimiz var ki, onların süni
intellektin insan əməyini tamamladığı işlərə keçmək ehtimalı daha
yüksəkdir. Ancaq yaşlı işçilər üçün bu daha çətindir. Beləliklə,
həm bu keçidi dəstəkləyən əmək bazarı siyasətləri, həm də bu
texnoloji dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkən insanların
qayğısına qalacaq sosial təhlükəsizlik sistemi olmalıdır.

Süni intellektin makroiqtisadi baxımdan təsiri hazırda çox
qeyri-müəyyəndir. Çünki bir tərəfdən potensial olaraq böyük
məhsuldarlıq gəlirləri var, lakin hazırda mövcud olan tədqiqatlar
məhsuldarlığa təsirin proqnozlaşdırılmasında çox qarışıqdır. Eyni
zamanda nəzərə alınmalı olan risklər də var. Buna görə də bizim
rolumuz ölkələri bu risklərdən qoruya və potensial faydaları
maksimuma çatdıra biləcək siyasətlər üzrə məsləhətlər
verməkdir”.

X:
@Lyaman_Zeyn