
Bakı. Trend:
Cüdo üzrə Avropa çempionatı davam edir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən
yarışın ikinci günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyə
çıxıb.
Onlardan üçqat Avropa çempionu Hidayət Heydərovu növbəti dəfə
Avropa çempionatının qalibi olub.
Kişilər
73 kq
Hidayət Heydərov ikinci mərhələdən tatamiyə çıxıb. O, İndrit
Kalhacla (Albaniya) qarşılaşıb və qələbə qazanıb. Üçqat Avropa
çempionumuz 1/8 finalda portuqaliyalı Otari Kvantidzeni də məğlub
edib. Cüdoçumuz üçüncü qarşılaşmasında komanda yoldaşına qalib
gələn Ruslan Qoluvaçovla (AİN) münasibətinə aydınlıq gətirib və
revanşla yarımfinala vəsiqə qazanıb. Heydərov bu mərhələdə Adil
Osmanovdan (Moldova) da üstün olub. Hidayət 4-cü çempionluq uğrunda
Danil Lavrentyevlə gücünü yoxlayıb. Gərgin keçən görüşdə qalib
əlavə vaxtda bəlli olub. Danilin 3-cü cərimə xalını alması
Hidayətin çempionluğu ilə nəticələnib.
İlk mərhələdən azad olan Rəşid Məmmədəliyev Coşua Qrini
(İrlandiya) mübarizədən kənarlaşdırıb. O, növbəti görüşündə Ruslan
Qoluvaçova (AİN) uduzub.
81 kq
Zelim Tçkayev startda Maksim Triquba (İrlandiya) məğlub olaraq
çempionatla erkən vidalaşıb.
Qeyd edək ki, yarışın ilk günündən sonra millimizin hesabında
bir medal var. Balabəy Ağayev 60 kq çəkidə gümüş qazanıb.





























