
Bakı. Trend:
Yevlaxda “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs
qoruyucu yeni texnologiyaların nümayişi” mövzusunda müşavirə
keçirilir.
Trend xəbər
verir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyi və “Azərşəkər” MMC-nin
birgə təşkilatçılığı, “GİLAN PİVOT” MMC-nin tərəfdaşlığı ilə
keçirilir.
Tədbirin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş
verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin
azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik
qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində
geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət
çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və
bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatları və
aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin
bölüşdürülməsidir.
Qeyd edək ki, tədbirdə kənd təsərrüfatında tətbiq olunan
innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri,
orqanik gübrələr və biopreparatlar nümayiş etdiriləcək, müşavirə
iştirakçılarını maraqlandıran suallar cavablandırılacaq.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin və
müvafiq dövlət qurumlarının, iri fermer təsərrüfatlarının və
aqroparkların, təchizatçı şirkətlərin nümayəndələrinin və
fermerlərin iştirakı nəzərdə tutulur.



























