
Ər-Riyad. Trend:
İslam İnkişaf Bankı (İİB) İnstitutu İslam maliyyələşdirməsinin
normativ bazasının hazırlanmasında Azərbaycanla sıx əməkdaşlıq
edir.
Bu barədə Trend-ə İİB İnstitutunun baş direktoru vəzifəsini icra
edən Sami Əl-Suvaylem Ər-Riyadda İİB-in illik müşavirələrinin
kluarında deyib.
“İslam maliyyələşdirməsi insanları öz cəmiyyətlərində həmrəylik
nümayiş etdirməyə, kapitalı real rifah təmin edən və cəmiyyətlər
arasında zənginliyi bölüşdürməyə imkan verən layihələrə yönəltməyə
imkan verir”, – deyə o bildirib.
Əl-Suvaylem İslam maliyyələşdirməsinin prinsipcə iqtisadi
inkişafa dəstək, cəmiyyətin tərəqqisi üçün lazımi inqrediyentlərə
malik olduğunu qeyd edib.
“Bu nöqteyi-nəzərdən Azərbaycan və regionun digər ölkələri çox
yaxşı potensiala malikdir. İslam İnkişaf Bankı İnstitutu
Azərbaycanla, eləcə də Qazaxıstan və digər ölkələrlə İslam
maliyyələşdirməsinin normativ bazasının hazırlanmasında sıx
əməkdaşlıq edir. Bu ölkələrdə İslam maliyyələşdirməsinin inkişafı
üçün lazım olan müvafiq mexanizmlərin yaradılması üzərində
çalışırıq”, – deyə Əl-Suvaylem əlavə edib.
Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləziz Al Səudanın himayəsi ilə İslam İnkişaf
Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.
2024-cü ildə keçirilən toplantıların mövzusu: “Keçmişə dəyər
verib, gələcəyi planlaşdırmaq: orijinallıq, həmrəylik və
firavanlıq”. Bu toplantılar Bankın üzv ölkələrdə sosial-iqtisadi
inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini qeyd edir.
Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.
Qrupun illik toplantılarının və Cənub-Cənub əməkdaşlığı
çərçivəsində aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl
yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir.
İllik toplantılar hökumət, beynəlxalq və regional təşkilatlar və
özəl sektorun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir
sıra əlavə tədbirləri əhatə edəcək.
Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri iştirak
edəcəklər.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























