
Ər-Riyad. Trend:
İslam Maliyyə Xidmətləri Şurası (IFSB) Azərbaycanın İslam
maliyyə sənayesini inkişaf etdirəcəyinə ümid edir.
Bu barədə Trend-ə IFSB-nin baş katibi Qiyat Şabsiq İslam İnkişaf
Bankının (İİB) Ər-Riyadda keçirilən illik toplantısı çərçivəsində
deyib.
“İslam maliyyəsi artıq bütün dünyada yetkinlik həddinə çatıb və
onu tətbiq edən çoxlu sayda ölkə var. Belə bir tələbin olduğunu
görürük. Təbii ki, bu, həmin ölkələrin iqtisadi inkişafına öz
töhfəsini verir. Bizim qaydalarımız, standartlarımız var və onları
asanlıqla həyata keçirmək olar. Biz həqiqətən ümid edirik ki,
Azərbaycan lazım gələrsə, bu standartları tətbiq edəcək və İslam
maliyyə sənayesini inkişaf etdirəcək”, – deyə o bildirib.
Q.Şabsiq qeyd edib ki, IFSB tənzimləyicil orqanlara İslam
maliyyə standartlarını qəbul etməkdə və bu standartları daxil etmək
üçün qanun və qaydalarını dəyişməkdə kömək edə bilər:
“Bu, sənayeyə kömək edəcək və onun təhlükəsiz və ağıllı
işləməsinə imkan verəcək. Qlobal miqyasda İslam maliyyəsi son beş
ildə hər il təxminən 14 faiz artıb. Bu, böyük artımdır.
Qeyri-müsəlman ölkələr arasında bizim üzvlüyümüzdə Böyük Britaniya,
Çin, Almaniya, Yaponiya var. İslam bankçılığı qeyri-müsəlman
ölkələrində də çox sərfəlidir”.
O qeyd edib ki, ölkələr İslam maliyyəsini qəbul edəndə daha çox
imkanlara, daha çox alətə malik olduqları üçün bazarı
dərinləşdirirlər:
“İslam maliyyəsinin inkişaf miqyası iqtisadi vəziyyətdən
asılıdır”.
Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam
İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.
2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər
verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və
tərəqqi”dir.
Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.
Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı
çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq
və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər
hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və
vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı
ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.
Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye
palataları və biznes şuralarının nümayəndələri iştirak
edəcəklər.



























