
Bakı. Trend:
Azərbaycanın akademik avarçəkməni Diana Dımçenko Paris-2024 Yay
Olimpiya Oyunlarına lisenziya qazanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yığmanın lideri bu uğura Macarıstanın
Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında
nail olub.
Dımçenko yarımfinalda finişə hamıdan tez çatıb. O, 2000 metr
məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini
qabaqlayaraq birinci olub – 07:40.67 dəqiqə. Bu nəticə ilə
avarçəkənimiz əsas final olan A finalına vəsiqə əldə edib.
Reqlamentə əsasən, A finalında yarışı ilk “üçlük”də başa vuran
idmançılara Olimpiya lisenziyası verilib. Dımçenko vəzifənin
öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib.
Milli komandamızın üzvü A finalında 2-ci olub.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən
Yay Olimpiya Oyunlarında təmsil olunub.





























