Advertisement

İİB Qırğızıstanın təhsil sisteminə 10 milyon dollar ayıracaq

Bakı. Trend:

İslam İnkişaf Bankı (İİB) Qırğızıstanın təhsil sisteminə 10
milyon dollar ayıracaq.

Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB)
Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində Qırğızıstan
Nazirlər Kabineti sədrinin birinci müavini Adılbek Kasıməliyev
panel müzakirələri zamanı deyib.

“4,8 milyon ABŞ dolları dəyərində olan tədrisin əsasları
layihəsini dəstəkləyən təhsil üzrə qlobal inkişaf tərəfdaşlığı
vasitəsilə əhəmiyyətli irəliləyiş əldə edilmişdir. Layihə sayəsində
41 icma uşaq bağçasında reabilitasiya işləri başa çatdırılmış, 60
icma uşaq bağçası üçün zəruri mebel və tədris oyun materialları
alınmış, müəllimlər üçün distant təhsili üçün ilk dəfə olaraq
rəqəmsal tədris kursu hazırlanmışdır. Qırğızıstanda 2021-2040-cı
illər üçün təhsilin inkişafı strategiyasının hazırlanmasında
texniki yardımı ayrıca qeyd etmək istərdim. Bu komponentin həyata
keçirilməsi ölkədə bütün təhsil sektorunun inkişafına təkan olacaq.
Səudiyyə İnkişaf Fondundan ayrılan 500 milyon ABŞ dolları
məbləğində vəsait 36 ​​dövlət məktəbi və 10 təhsil müəssisəsinin
tikintisinə sərf olunacaq. İslam İnkişaf Bankı (İİB) Qırğızıstanın
təhsil sisteminə 10 milyon dollar ayıracaq”, – deyə o bildirib.

Kasıməliyev qeyd edib ki, bu iki əsas tərəfdaşın ölkədə təhsilin
inkişafına marağı Qırğızıstanın təhsil sektorunu dəstəkləmək üçün
təhsil üzrə qlobal tərəfdaşlıq çərçivəsində 15 milyon ABŞ dolları
məbləğində qrant resurslarını əldə etməyə imkan verib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam
İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər
verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və
tərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı
çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq
və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər
hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və
vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı
ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye
palataları və biznes şuralarının nümayəndələri iştirak
edəcəklər.